İkili standartların girovuna çevrilən BMT-də islahatlar zəruridir
Siyasət

İkili standartların girovuna çevrilən BMT-də islahatlar zəruridir

Prezident İlham Əliyevin ali kürsülərdən səsləndirdiyi fikirlər hər zaman dövrün tələbindən yaranmış, zamanla səsləşmişdir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə də dövlət başçısının çıxışı bir sıra zəruri məsələlərin müzakirəsinə səbəb oldu. Martın 2-də İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə bağlı söylədiyi sözlər uzun illər dilə gətirilməyən reallığı əks etdirdi. Azərbaycan Prezidenti bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Bu qurum keçmişi xatırladır və bu gün ilə səsləşmir. Bu səbəbdən İlham Əliyev BMT-də islahatların aparılmasını, təşkilatın üzvlərinin sayının artırılmasını, Qoşulmama Hərəkatına sədrlik edəcək dövlətlərin Təhlükəsizlik Şurasının daimi üzvü olmasını zəruri hesab etdiyini bildirdi.

Məlum olduğu kimi, Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir. Məhz bu fakta əsaslanan bəzi xarici media qurumları da İlham Əliyevin çıxışını yanlış formada, yəni Azərbaycanın BMT-yə daimi üzvlük müraciəti kimi qəbul etdi. Bu isə əlbəttə ki, doğru yanaşma deyil. Çünki Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatır. Bu da onu göstərir ki, ölkəmiz bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətindədir. Digər tərəfdən, hələ fevralın 7-də Azərbaycan Prezidenti Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən də bu məsələyə toxunmuşdu. Prezident Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacib olduğunu demiş, Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etmişdi. Yəni İlham  Əliyevin Zirvə toplantısında səsləndirdiyi fikirlər şəxsi maraqlardan qaynaqlanmır. Azərbaycan hər zaman olduğu kimi, geniş perspektivdən çıxış edir, daha ədalətli yanaşma tələb edir.

Doğrudan da yeni dünya nizamının formalaşması beynəlxalq təşkilatların, o cümlədən BMT-nin daxilində islahatlar aparılmasını zəruri edir. Çünki hazırda dünyada baş verən böhranları idarə etməkdə bu qurumun fəaliyyəti qənaətbəxş deyil. Belə ki, təşkilat  ən yaxşı halda qətnamələr qəbul etsə də, icra mexanizmini tənzimləyə bilmir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası beynəlxalq münasibətləri tənzimləmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir. Qısaca desək, BMT öz nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır və 5-i daimi olmaqla, (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) 15 üzvü var. Digər  10 qeyri-daimi üzvü 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar 9 üzv səs verdikdə qəbul olunmuş sayılır. 5 daimi üzvün hamısı veto hüququna malikdir ki, bu da Şuranın hər hansı bir məsələdə həlledici qərarın qəbul edilməsinin qarşısını alır. Adətən, ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər. Bu da onu göstərir ki, BMT Təhlükəsizlik Şurası həm də monopoliyadır.

Azərbaycan selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biridir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin Azərbaycana gəldikdə, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə ilə Ermənistan qoşunlarının Kəlbəcərdən qeyd-şərtsiz geri çəkilməsini tələb etdi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi ərazilərdən geri çəkilməsini diktə edirdi. Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. 2020-ci ildə isə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etməklə Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

Elə bu səbəbdən də İlham Əliyev ölkəmizdə keçirilən beynəlxalq tədbirdə dünya birliyinə mesaj  verdi ki, Azərbaycan ilə yanaşı, bəzi ölkələrin də üzləşdiyi bu cür haqsızlığın səbəbi təkcə selektiv yanaşma və ayrı-seçkilik siyasəti ilə bağlı deyil. Vacib səbəblərdən biri də dünyada idarəetmə sisteminin aşınması və onun səmərəsizliyi ilə bağlıdır. Azərbaycan Prezidenti BMT kimi önəmli beynəlxalq təsisatın fəaliyyətində səmərəliliyin artırılması məqsədilə konkret təkliflə çıxış edərək bildirdi ki, dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edən dövlətlərin rotasiya qaydasında Təhlükəsizlik Şurasında təmsil olunmasına ciddi ehtiyac duyulur. Dövlətimizin başçısının digər vacib təklifi isə Afrika qitəsinin də Şurada təmsilçiliyi ilə bağlı oldu. Dərindən düşünəndə görürük ki, həqiqətən də bütün qitələrin beynəlxalq təşkilatda təmsil olunması BMT-nin nüfuzunu daha geniş coğrafiyaya yayacaq. Lakin hazırda bununla bağlı heç bir addım atılmır, çünki özlərini “sülh göyərçinləri” kimi təqdim edənlər təşkilatın işi ilə, nüfuzuyla maraqlanmır, ondan öz maraqları naminə istifadə edirlər.

Əslində, BMT-nin strukturunda dəyişiklik edilməsi ilə bağlı təkliflər zaman-zaman Almaniya, Rusiya, Türkiyə, İspaniya tərəfindən də qaldırılıb. Rusiya-Ukrayna müharibəsindən sonra isə bu barədə edilən təkliflərin sayı artdı. Çünki bir ili geridə qalan savaşda BMT heç bir şəkildə əsaslı addımlar ata bilmədi. Əməliyyatların dayandırılması üçün müraciətlər etsə də, ona məhəl qoyulmadı. Kremlə qarşı sanksiyalar tətbiq etsə də, bu tədbirlər də effektiv olmadı.

Bütün bunlar isə onu göstərir ki, BMT Təhlükəsizlik Şurası istər Qarabağ, istər Ukrayna, istərsə də dünyanın müxtəlif yerlərindəki qlobal və ya etnik müharibələri sonlandırmaqda, böhranları idarə etməkdə uğurlu ola bilmədi. Dəyişən dünyanın tələblərinə cavab verməyən beynəlxalq orqanın transformasiyası isə qaçılmazdır.

Jalə QASIMZADƏ,

“Respublika”.