İkili standartlara tutarlı cavab
Siyasət

İkili standartlara tutarlı cavab

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi ilə bağlı yayılan xəbər bəlkə də hamını silkələdi. UNESCO-nun direktoru Odri Azuleyə ünvanladığı məktubda Birinci vitse-prezident bu vəzifədən imtina etməsinin səbəbini Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb edilməsi və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olması ilə izah edib. Mehriban Əliyevanın bu qərarı faktiki olaraq UNESCO-nun Azərbaycana münasibətdə, xüsusilə son illər nümayiş etdirdiyi ikili yanaşmaya diplomatik tərzdə etirazıdır.

Məhz bu məqamda Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyətinə qısaca nəzər yetirmək yerinə düşər.

2004-cü il 9 sentyabr. Parisdə UNESCO-nun iqamətgahında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilir. Mərasimdə çıxış edən Mehriban Əliyeva deyir: "UNESCO-nun əsas prinsiplərindən biri dünya mədəniyyətinin nadirliyini gələcək nəsillər üçün qoruyub saxlamaqdan ibarətdir. Mən də öz fəaliyyətimdə bu prinsipi əsas tuturam. Ona görə mənə bu yüksək adın verilməsi mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Bu, mədəniyyətlər və sivilizasiyalar arasında keçmişlə bu gün arasında əlaqə yaratmaq məsuliyyətidir... Sizi əmin etmək istəyirəm ki, bu yüksək mükafat məni və başçılıq etdiyim Azərbaycan Mədəniyyətinin Dostları Fondunu mədəni irsimizin qorunması naminə daha böyük səylə çalışmağa sövq edəcəkdir". Mehriban xanım verdiyi vədi yerinə yetirdi, ötən 18 illik fəaliyyəti dövründə Azərbaycan-UNESCO əlaqələrinin yüksələn xətlə inkişafına nail oldu.

Azərbaycan 1992-ci il iyulun 3-dən UNESCO-nun üzvüdür. UNESCO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım ulu öndər Heydər Əliyev 1993-cü ilin dekabrında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Görüşdə UNESCO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri müzakirə olunmuş, Azərbaycanda gedən müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılmışdır. Həmin dövrdən Azərbaycanın mədəniyyət nümunələrinin dünyaya tanıtdırılması, təhsilin, elmin inkişafı istiqamətində UNESCO-nun xəttilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. 1996-cı ildə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə bağlı UNESCO-nun vasitəçiliyi ilə tədbir baş tutmuş, 2000-ci il "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar UNESCO çərçivəsində Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur. Təbii ki, belə faktlar çoxdur...

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatmışdır. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərmişdir. Görülən işlərin məntiqi yekunu kimi, 2004-cü ilin sentyabrında Mehriban Əliyeva musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

UNESCO-nun xoşməramlı səfiri statusu əldə etmək sıradan bir titulun daşıyıcısı olmaq deyildi, keçmişə ehtiram, gələcəyə isə böyük ümidlərlə bu günün müxtəlif mədəniyyətləri, sivilizasiyaları arasında dialoq, anlaşma əldə etməklə dünyanın xilası uğrunda çalışanların ön cərgəsində dayanmaq demək idi. Və Mehriban xanım öz əməli fəaliyyətilə bu titulu təsdiqləmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Azərbaycan nümayəndəsinin xoşməramlı səfir adına layiq görülməsini mədəniyyətimizin həyatında mühüm hadisə kimi dəyərləndirmiş və bu faktın UNESCO, ümumilikdə, dünya birliyi ilə mədəni əlaqələrimizin daha da inkişafına dəlalət etdiyini bildirmişdi. Azərbaycanla UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu və hazırda da birgə layihələrin, proqramların həyata keçirildiyini diqqətə çatdıran Prezident bildirmişdir ki, Azərbaycanın çox zəngin mədəni irsi var və bu qarşılıqlı əməkdaşlıq gələcəkdə ölkəmizin UNESCO ilə daha da yaxınlaşmasına imkan yaradacaqdır. Əlbəttə, ilk dövrlərdə görünən mənzərə belə idi...

Əslində isə bu qurum öz prinsiplərinə sadiq deyilmiş. Torpaqları 30 il müddətində işğal altında qalan, ərazisinin 20 faizi zəbt edilən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan Azərbaycanın bu qurumla əməkdaşlıq çərçivəsində bir sıra ölkələrdə həyata keçirdiyi layihələrə, gördüyü işlərə rəğmən ölkəmizin çağırışlarına UNESCO tərəfindən qarşılıq verilməməsi Vətən müharibəsindən sonra açıq-aydın görünməyə başladı. Azərbaycan dəfələrlə tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsini UNESCO qarşısında qaldırsa da, bir nəticə olmadı.

Azərbaycanın mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsini həyata keçirən Ermənistanın cinayət əməlləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə missiya göndərilməyib. Əksinə, Azərbaycan Vətən müharibəsində qələbəsindən sonra guya Azərbaycanın bəzi abidələri dağıtması barədə Ermənistanın iddialarını əsas götürən UNESCO missiyasının göndərilməsi istiqamətində canfəşanlıq etməyə başladı. Bu dəfə də Azərbaycan xoş məram nümayiş etdirərək missiyanın göndərilməsinə razılıq verməsinə baxmayaraq, UNESCO yenə də bəhanə gətirib missiyanı göndərmədi.

Bu, onu göstərir ki, UNESCO-nun hazırkı baş direktoru Odri Azule Fransanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətindən bəhrələnir. Azərbaycanın məhv edilmiş mədəni irsinin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmaması qərəzdən başqa bir şey deyil.

Azərbaycan uzun illər UNESCO-nun işinə töhfə verməklə məhz təşkilatın imicinin yüksəldilməsinə xidmət etmiş, ölkəmiz bu qurumun bütün tədbirlərində fəal olmuşdur. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə itirən məhz UNESCO olacaq. Mehriban xanımın bu qətiyyətli addımı həm də Azərbaycanın bəzi dünya ölkələrinin ikili yanaşmasına ən tutarlı cavabdır...

Zümrüd QURBANQIZI,

"Respublika".