İki şirkətdə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işləri başlanıb
Digər xəbərlər

İki şirkətdə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işləri başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlarla bağlı araşdırmalar aparılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində Quba və paytaxtın Yasamal rayonlarında fəaliyyət göstərən "D.Fruits Kəndli Təsərrüfatı" və "SRS Group" MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyənləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 162-1.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanıb və ibtidai istintaqın aparılması üçün Yasamal və Quba rayon prokurorluqlarına göndərilib.

Eyni zamanda, aşkarlanmış inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.

AZƏRTAC