İki ölkə arasında yüksələn əlaqələr
Digər xəbərlər

İki ölkə arasında yüksələn əlaqələr

Müasir Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq arenaya qədəm qoyduğu gündən onun xarici siyasətinin prioritet istiqamətlərinin önəmli hissəsini türkdilli dövlətlərlə yüksək səviyyədə münasibətlərin qurulması və inkişaf etdirilməsi təşkil edib.

Bu baxımdan, dost və qardaş Özbəkistanla Azərbaycan arasında olan əlaqələri yüksək dəyərləndirmək olar. İki ölkə arasında 1995-ci ildə diplomatik münasibətlər qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Tarixi faktlar isə təsdiq edir ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan xalqlarımız arasında münasibətlər daha qədimlərə qədər gedib çıxır. Hazırda əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ulu öndər Heydər Əliyevin və Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun qarşılıqlı rəsmi səfərlərini xüsusi qeyd etmək lazımdır. İslam Kərimovun 1996-cı il 26-27 may tarixində ölkəmizə rəsmi səfəri zamanı imzalanan 18 sazişdən ibarət sənədlər paketi, həmçinin, ulu öndərin 1997-ci ilin iyun ayında bu ölkəyə rəsmi səfəri çərçivəsində imzalanmış 19 sənəd əməkdaşlığımızın dərinləşməsi üçün fundamental hüquqi baza rolunu oynayır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu tərəfdaşlarımızın da sayını durmadan çoxaltmaqdadır. Qürurla deyə bilərik ki, ölkəmiz həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Vətən müharibəsində qazandığı şanlı qələbə, regionda sülh və təhlükəsizliyə verdiyi mühüm töhfələr ölkəmizin əhəmiyyətini yüksəldib. Prezident İlham Əliyevin Daşkənddə yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi hörmət və ehtiram dediklərimizin əyani təsdiqidir. Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı Şavkat Mirziyoyevin çıxışı, onun ulu öndər Heydər Əliyev və ölkəmiz haqqında dediyi xoş və səmimi sözlər, həmçinin bir daha işğaldan azad edilmiş ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu dilə gətirməsi və bunu tarixi ədalətin bərpası kimi dəyərləndirməsi qardaşlıq münasibətinin təzahürüdür.

Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq və regional nəqliyyat şəbəkələrinə qoşulması Özbəkistandan yükdaşımaların həcminin artmasına, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin yüksəlməsinə gətirib çıxaracaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.