III Yay Düşərgəsinin ilk günü: Azərbaycan dili təlimi, panel iclasları, Şuşa turu…
Diaspora

III Yay Düşərgəsinin ilk günü: Azərbaycan dili təlimi, panel iclasları, Şuşa turu…

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin ilk günü səhər idmanı ilə başlayıb.

Yoqa üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəflinin apardığı dərs gənclərimizə Şuşadakı ilk səhəri gözəl əhvali-ruhiyyə ilə açmağa kömək edib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sonra Avropa Şurasının Gənclər departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədova düşərgə iştirakçılarını günün proqramı barədə məlumatlandırıb.

Proqrama əsasən, düşərgə iştirakçılarına Azərbaycan dili təlimi təşkil edilib. Təlimi Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Səbinə Əliyeva tədris edir. Təqdirəlayiqdir ki, düşərgə iştirakçıları, xüsusilə də xaricdə doğulub böyüyən gənclər arasında doğma dilimizi mükəmməl bilənlər olsa da, 115 nəfərin hər biri Azərbaycan dili təliminə qatılıb. İlk dərsdə gənclərimiz Azərbaycan dilində yaşadıqları ölkə, təhsilləri, iş təcrübələri, nailiyyətləri və diaspor fəaliyyətləri barədə məlumat veriblər. Gənclərimizin doğma dilimizdə çıxışları maraqla qarşılanıb.

Proqram "Azərbaycan diasporu və dövlət gənclər siyasəti" və "Dövlət Qurumları ilə ictimai əlaqələrin qurulması" mövzularında panellərlə davam edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluqları ilə aparılan panel iclaslarında Azərbaycan dövlətinin diaspor və gənclərlə iş sahəsində gördüyü işlər barədə ətraflı məlumat verilib, diaspor gənclərinin xaricdə ölkəmizin qeyri-rəsmi səfirləri olduqları, beynəlxalq tədbirlərdə tarixi vətənlərini ləyaqətlə təmsil etdikləri vurğulanıb. 44 günlük Vətən müharibəsi dönəmində xalqımızın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə fədakarlıqla çatdıran gənclərimizə minnətdarlıq ifadə edilib. Müstəqil Azərbaycan dövlətinə qarşı yönələn təhdidlərin və məqsədyönlü təxribatların önünün alınmasında gənclərin roluna diqqət cəlb edilib və bu istiqamətdə fəallıq göstərilməsi yollarından danışılıb.

Panellər gənclərlə interaktiv sual-cavab formatında aparılıb.

Düşərgə gənclərinin ilk günü Şuşa turu və əyləncəli proqramla başa çatıb. İsa bulağından yaşadıqları ölkələrə su payı götürən gənclərimiz Şuşanın bütün tarixi məkanlarında "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.

AZƏRTAC