İgidliyin, şücaətin zirvəsi
Region

İgidliyin, şücaətin zirvəsi

Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycanın qəhrəman oğullarını, onların fədakarlığını, döyüşlərdə göstərdikləri igidliyi və qazandıqları şücaəti bütün dünyaya tanıtdı. Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda canlarını fəda edən oğullar sözə sığışmayan igidliklə, şücaətlə, intiqam hissi ilə düşməni döyüş meydanında əzərək məhv etdilər. Belə vətənpərvər oğullardan biri də Dəyanət Ələsgər oğlu Əliyevdir.

Dəyanət Əliyev 1982-ci il sentyabrın 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. 2000-ci ildə Hacıbədəlli kənd tam orta məktəbini bitirib. Bir müddətdən sonra, 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini uğurla başa vuran Dəyanət öz arzusuna çatmaq üçün yenidən Vətən qarşısında xidmət etməyə başlayıb və müddətdən artıq hərbi qulluqçu kimi tank komandiri kursunu müvəffəqiyyətlə başa vurub. Hərbi təlimlərdə göstərdiyi qoçaqlığı, əzmkarlığı, peşəkarlığı ilə fərqləndiyi üçün Dəyanət "3-cü dərəcəli qüsursuz xidmətə görə" və Azərbaycan silahlı qüvvələrinin 95 illiyi münasibətilə "Yubiley" medalları ilə təltif edilib. Azərbaycan ordusunun giziri Dəyanət Əliyev 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub, düşmənə qarşı mərdliklə döyüşüb, qəsbkarların döyüş texnikasını və canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci il sentyabr ayının 21-də qısa müddətdə evinə, ailəsinə baş çəkməyə gələn Dəyanət geri dönəndə ömür-gün yoldaşına deyib ki, dünyanın işini bilmək olmaz, ola bilsin ki, görüşə bilmədik. Uşaqları sənə, səni isə uca yaradanımıza əmanət edirəm.

Gizir Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də dədə-baba torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşün ilk günlərindən Dəyanət öz tankı ilə düşmənin texnikasına və canlı qüvvəsinə qənim kəsilib, atəşi həmişə dəqiq və sərrast olub, işğalçı ordunun əsgər və zabitlərinə qan uddurub. Oktyabrın 2-də baş verən qızğın döyüşlərdə Dəyanətin idarə etdiyi tank Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən savaşda düşmənin atdığı mərmi nəticəsində yanmağa başlayıb. Özünü itirməyən Dəyanət yanan tankın içindən çevik şəkildə çıxır və döyüş yoldaşları Xəzər Bayramovu və Elçin İsmayılovu xilas etmək üçün yenidən geri qayıdır. Döyüş yoldaşlarını darda qoymayan Dəyanət çox çalışsa da yanan tankın alovu bir tərəfdən, düşmənin aramsız artilleriya atəşi isə digər tərəfdən ona imkan vermir ki, onları xilas etsin. Elə bu vaxt Dəyanət düşmənin atdığı artilleriya atəşi nəticəsində ağır yaralanır. Döyüş meydanından təxliyə edilən Dəyanət Əliyev Müdafiə Nazirliyinin mərkəzi hospitalına çatdırılsa da həkimlərin bütün cəhdi nəticəsiz qalır. İgid tankçı oktyabrın 23-də qəhrəmanlıqla həlak olur və Ağcabədi şəhərindəki Qəhrəmanlar Parkında dəfn edilib.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordunun giziri Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanın ad günü ailəsi və həmyerliləri tərəfindən qeyd edilib. Böyüyüb boya-başa çatdığı kənddə keçirilən anım mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, qazilər, şəhidin doğmaları, kənd sakinləri və digər şəhid ailələrinin üzvləri iştirak ediblər. Mərasim iştirakçıları şəhid Dəyanətin əbədi uyuduğu Qəhrəmanlar Parkını, kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni, sonra şəhidlərin adları və şəkilləri həkk olunmuş abidə-bulaq kompleksini ziyarət edərək onların ölməz ruhuna dualar oxuyublar. Daha sonra ziyarətçilər qəhrəmanın böyüdüyü evdə çay süfrəsi ətrafına toplaşaraq Dəyanət Əliyevin keçdiyi qısa və mənalı həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətdən danışaraq xatirələrini bölüşüblər.

Qanı və canı ilə tarix yazan igid oğullarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlıq yolu gələcək nəsillər üçün örnək olacaqdır.

Salman ALIOĞLU,

"Respublika".