İgidliyin, qürurun zirvəsi
Region

İgidliyin, qürurun zirvəsi

Şəhidlik Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, həm də ən şərəfli zirvədir. Məhz onların canı və qanı hesabına qazanılan azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur, onların qəhrəmanlığı tariximizin ən qürurlu səhifəsinə çevrilir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Mehman Nəriman oğlu Qənbərov Qarabağın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə fəal iştirak edib. Ailəsi ilə birlikdə uzun illər ərzində məcburi köçkün həyatı yaşayan Mehman gələcək həyatını hərbə bağlayıb. Ali hərbi məktəbdə qazandığı təlim və təcrübə onun peşəkar zabit kimi yetişməsində mühüm rol oynayıb. Vətən müharibəsinin ilk günlərindən cəbhədə düşmənin hərbi qüvvələrinə qarşı döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlərdə igidlik nümayiş etdirib, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak edib. Sentyabrın 30-da polkovnik-leytenant Mehman Qənbərov şiddətli döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bərdə rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidin doğum günü onun uyuduğu Şəhidlər Xiyabanında anılıb,  məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Anım mərasimində Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Həyat yolu asan və hamar olmayıb, on üç yaşı olanda Ermənistanın hərbi təcavüzü nəticəsində ailəsi ilə doğma kəndlərindən didərgin düşüb, Ermənistanın işğalı onun taleyini dəyişdirib. Düşməndən intiqam almaq üçün hərbçi olmağa qərar verib. Xidmət illərində göstərdiyi peşəkarlığa görə  yeddi medalla təltif olunub. İki oğlu yadigar qalıb.

Qürur hissilə vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müzəffər silahlı qüvvələrin polkovnik-leytenantı Mehman Qənbərov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Anım mərasimində məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Salman ALIOĞLU,

“Respublika”.