İgidliyin, hünərin zirvəsi
Region

İgidliyin, hünərin zirvəsi

Qəhrəmanlıq, torpağa bağlılıq, yurd sevgisi, Vətən məhəbbəti gənclərin II Qarabağ müharibəsində göstərdikləri igidliyin təntənəsinə, hünərin zirvəsinə çevrildi. Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi xalq, ordu, sərkərdə birliyini bütün dünyaya nümayiş etdirdi, torpaqlarımızı otuz ilə yaxın işğal altında saxlayan düşmən sarsıdıcı zərbələr alaraq məğlub oldu. Düşməni diz çökdürən oğulların şücaəti, mərdliyi və işğalçılara qarşı intiqam, qisas hissi polad kimi əyilməz, xəncər kimi iti olub işğalçıların bağrına sancıldı. Yarasını sarıyıb düşmən üzərinə atılan oğlanların sırasını heç bir qüvvə poza bilmədi. Belə vətənpərvər oğullardan biri də Məhəmmədəli Məhəmmədəlizadədir. 28 yaşında Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə həlak oldu. Şəhidlərimizin qanı tökülən torpaqlarda indi qıpqırmızı bağrı qan lalələr baş qaldırıb, elə bil şəhid ruhlarından xəbər gətiriblər.

Şəhid Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. Dil açanda ilk kəlmələri ana, Vətən olub. Həqiqi hərbi xidmətə çağrılan Məhəmmədəli Vətən qarşısında borcunu şərəflə yerinə yetirib.  2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlanan döyüşlərdə gənc əsgər ön sıralarda olub.

Məhəmmədəli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib və şəxsi nümunə göstərib, düşmənin canlı qüvvəsinin məhv edilməsində öz qüvvəsini əsirgəməyib. 2020-ci il oktyabrın 10-da Ağdam istiqamətində gedən döyüşlərdə həlak olub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Doğulub boya-başa çatdığı Ağdam rayonunda Vətən müharibəsi şəhidi Məhəmmədəli Məhəmmədəlizadənin doğum günü Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanındakı məzarı önündə qeyd olunub.  Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üstünə tər çiçək dəstələri düzülüb.  Tədbirdə çıxış edənlər şəhidin qısa və mənalı həyat yolundan söz açaraq şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və şəhidlərin adının əbədi yaşayacağına əminlik ifadə ediblər.

                                          Salman ALIOĞLU,

                                           “Respublika”.