İgidliyi, şücaəti örnək oğullar
Region

İgidliyi, şücaəti örnək oğullar

44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğalçıların əsarətindən azad etdi. Ən şiddətli döyüşlərdən biri də Füzuli istiqamətində aparılıb. Uzun illər boyu düşmənin yaratdığı müdafiə xətlərini dağıtmaq üçün əsgər və zabitlərimiz, sözün əsl mənasında, qəhrəmanlıq nümayiş etdiriblər. Həmin döyüşlərdə baş gizir, tankçı Paşa Mehdiyev də igidlik göstərərək düşmənin hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsində şücaət göstərib.

Şəhid Paşa Etibar oğlu Mehdiyev 1978-ci il noyabr ayının 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində Paşa yeniyetmə çağlarında ailəsi ilə bərabər doğma yurdundan köçkün düşüb. Məcburi köçkünlük həyatının qayğıları, problemləri ilə nəfəs alan gənc oğlanın qəlbində düşmənə qarşı qisas hissi baş qaldırıb. Vətən həsrəti ilə yaşayan Paşa hərbçi olmağı qarşısına məqsəd qoyub. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Nümunəvi xidmətinə görə Paşa baş gizir rütbəsinə qədər yüksəlib. Tank bölüyündə hərbin sirlərinə dərindən bələd olub. Xidməti dövründə Fəxri fərman və medallarla təltif edilib.

2016-cı ilin Aprel döyüşlərində düşmənə ağır zərbələr vuran Paşa Mehdiyev cəsur və qorxmaz tankçı kimi "İgidliyə görə" medalı ilə təltif olunub. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlayan əks-hücumda ilk döyüşə atılanlardan biri olub. Paşa oktyabrın 7-də Füzuli döyüşləri zamanı həlak olub.

Doğma yurdunun azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Paşa Mehdiyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Anım günündə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, qazilər, qəsəbə sakinləri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər Paşa Mehdiyevin qısa, şərəfli ömür yolundan, onun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, Vətən sevgisindən ətraflı söz açıblar. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, şəhidlərin həyat yolunun gələcək nəsillər üçün örnək olduğu bildirilib.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş gizir Paşa Mehdiyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğurunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

İgid oğullarımızın qanı tökülən yurd yerlərimiz düşmənin tapdağından azad edilib. Şanlı Azərbaycan Ordusu müharibədə zəfər qazanıb. Paşa həmin günü görməsə də yəqin ki, ruhu dinclik tapıb. Canından artıq sevdiyi ata-baba yurdu işğaldan azad edilib. Şəhidin ailə üzvləri həmin yurdun çırağını yandıracaqlar. Və yurd yerinin işığı mütləq Paşanın ruhu ilə qovuşacaq.

Salman ALIOĞLU,

"Respublika".