İgidlik və şücaət nümunəsi
Sosial həyat

İgidlik və şücaət nümunəsi

 İkinci Qarabağ  müharibəsində  Vətənin hər qarışını öz qanı, canı ilə alınmaz  qalaya  çevirən  şəhidlərdən biri də Tamerlan Xankişi oğlu Süleymanovdur.

Tamerlan Süleymanov 1992-ci ildə Lerik rayonunun füsunkar  təbiətli,  qartallı qayaların ətəyində qərar tutmuş, Tikəband kəndində anadan olmuşdur.  Süleymanovların halal ailə ocağında  boy verən 13 uşağın   son beşiyi olub.  Hələ kiçik yaşlardan həyat onu sınaq qarşısında qoyur.   9 yaşında  anasını, 16-a çatmamış  isə atasını itirir. Böyük qardaşı Habilin himayəsi ilə böyüyür.    Amma  gələcəyə  ümid, nikbinlik  ovqatında baxır.

Tamerlan ordu sıralarına yola düşəndə qardaşını əmin edir ki, Vətənə ləyaqətlə xidmət edib onun yanına üzüağ dönəcək.  Belə də olur. Əsgərlikdə olduğu müddətdə  xalqına bağlılığı, vətənpərvərliyi, sədaqəti ona yalnız  hörmət gətirir. Habil şəhid qardaşı haqqında deyir:- Həqiqi  hərbi xidməti başa vurub  evə gəldi.  Uşaq vaxtından  zəhmətə alışdığı üçün tez də  özünə iş tapa bildi. Həddən artıq ürəyiaçıq, istiqanlı idi. Yalanı,  haqsızlığı heç sevməzdi.  2015-ci ildə Tamerlana toy etdim. Müqəddəs  Qarabağın erməni dığalarının  ayaqları  altında  qalmasına dözmürdü. Düşməndən qisas alacağı günü gözləyirdi. Odur ki, ailəsini bizə tapşırıb könüllü  hərbi xidmətə getdi. Bizə dedikləri də belə oldu: “Gedirəm.  Hər şey, hətta ölüm də ola bilər.  Çünki düşmən Qarabağdan çıxmaq istəmir. Vətən, torpaq uğrunda  ölüm əsl mənada  şərəfdir. Mən belə bir ölümlə bütün nəslimizin adını ucaldaram”.  Demə bu günə hazırlaşır...  MAXE kimi işlədi. Nümunəvi xidmətini nəzərə alıb ona gizir rütbəsi verildi. Qorxmazlığı, qeyrəti komandirlərini, tabeliyində olan əsgərləri çox sevindirirdi.

 Köksündə Vətən sevgisi,  qəlbində millət eşqi  gəzdirən  Tamerlan  ötən ilin 27  sentyabr ayından  başlayan   İkinci  Qarabağ müharibəsində axıra  qədər vuruşmaq və qələbə qazanmaq niyyəti ilə birinci gedir.   Döyüşlərdə igidliyinə görə fərqlənir.  Düşmənin  xeyli sayda canlı qüvvəsini,  texnikasını məhv edir.   Oktyabr ayının 29-da  Füzuli rayonu uğrunda gedən  haqq savaşımızda  Vətənin şərəfi naminə qəhrəmancasına  canından keçir. Dağlar diyarı Lerikdən köçüb getdiyi  Xəzər rayonunun Binə qəsəbəsində şəhidlər üçün ayrılmış qəbiristanlığında torpaq   öz igid oğlunu yaşatmaq üçün bağrına basır. Dövlət tərəfindən isə “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azad olunmasına görə medallarına layiq görülür.

 İndi Vətən boyda  şəhidin  saf və müqəddəs ruhu uca göylərə  qalxıb. Özü də şaddır.  Çünki onun azad görmək istədiyi  Qarabağ düşmən tapdağından Milli Ordumuzun rəşadəti hesabına    azad olundu.

Zəfər  ORUCOĞLU.