İgidlik nümunəsi
Region

İgidlik nümunəsi

Mən ölsəm ağlamayın - deyərək döyüşlərə atılan və igidlik nümayiş etdirən oğullardan biri də Xəyal Namazovdur.

Vətən müharibəsinin şəhidi Xəyal Xudaverdi oğlu Namazov 1986-cı il may ayının 23-də Füzuli rayonunda anadan olub. Əslən Xocavənd rayonundan olan Xəyal ilk təhsilini İsmayıllı rayon Aşıqbayramlı kənd orta məktəbində alıb, sonra səkkizinci sinfə kimi Xocavənd rayon Tuğ tam orta məktəbində təhsil almış, on birinci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbində başa vurub. Ermənistanın hərbi təcavüzü Xəyalın həyat yolunu sınaqlardan keçirib, ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayıb, valideynlərinin yurd həsrətinin şahidi olub. Xəyal 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetində təhsil alsa da Xəyalın qəlbində hərbçi olmaq arzusu baş qaldırıb. 2006-cı ilin iyul ayında ali təhsilini dayandıraraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayıb. 2008-ci ildə hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində uğurla başa vuran Xəyal 2011-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırıb. 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb, AQS-21 döyüş silahı üzrə manqa komandiri kimi Vətənə layiqincə qulluq edib. 2016-cı il Aprel döyüşlərində xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə fəxri fərmanlarla mükafatlandırılıb və hərbi rütbəsi artırılıb.

Azərbaycan ordusunun hərbi qulluqçusu Xəyal Namazov 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılıb, Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında qəhrəmanlıq göstərib. 2020-ci il oktyabr ayının 3-də şiddətli döyüşlərdə qəhrəmanlıqla həlak olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə hərbi qulluqçu Xəyal Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarları üstünə qərənfillər düzərək onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, əbədilik qazanan xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara minnətdarlığını bildirən rayon rəhbəri qeyd edib ki, Xəyal kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik Vətən həsrətinə son qoyulub, Ermənistan ağır məğlubiyyətə uğrayıb.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, torpaq uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini qeyd ediblər. Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Anım mərasimi Xocavənd 4 saylı tam orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Salman ALIOĞLU,

"Respublika".