İgidlik dastanı yazanların xatirəsinə ehtiram
Region

İgidlik dastanı yazanların xatirəsinə ehtiram

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədə Qazaxın 51 nəfər igid oğlunun da payı var. Həmin qəhrəman oğullar da düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə əsl igidlik, şücaət göstərdi.

Qazaxda bütün şəhidlərimizin, Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri hər zaman yad olunur.  

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı rayon rəhbərinin iş fəaliyyətinin əsas hissəsini təşkil edir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların məzarlarını ziyarət edən, ailələrini tək qoymayan rayon rəhbəri qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı məzarları başında yad edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Vətən müharibəsində iştirak edən Qazax şəhərindən, Ağköynək və Qarapapaq kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib.

Rayon rəhbəri Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla anıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində hərb tariximizə, xalqımızın yaddaşına adlarını qızıl hərflərlə yazan igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil dövlətimiz, xalqımız var olduqca şəhidlərimizin də daim qəlblərdə yaşayacağını qeyd edib.

Şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasına görə razılıq ediblər.

Vəli VƏLİYEV,

 "Respublika".