İgid tankçı
Region

İgid tankçı

Vətən müharibəsi şəhidi Cabir Şəmid oğlu Tarverdiyev 1987-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. Həmyaşıdları kimi qayğısız uşaqlıq illərini yaşayıb, bu yerlərin saf havası, bərəkətli torpağı, təbiətin bəxş etdiyi minbir nemət onun xarakterinə, xasiyyətinə, Vətən məhəbbətinə çox güclü təsir göstərib. 2005-ci ildə doğma kəndindəki orta məktəbi başa vurub. Sonra həqiqi hərbi xidmətə çağırılıb və sərhəd qoşunlarının “N” saylı hərbi hissəsində Vətənin keşiyində dayanıb. Ordudan tərxis olunduqdan sonra valideynlərinin yanına qayıdıb. Bir neçə il mülki işlərdə çalışıb. Nəhayət, 2011-ci ildə Cabir qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətini davam etdirsin. Torpaq, yurd, Vətən sevgisi  onu hərbçi olmağa səsləyib. Tank taborunda sürücü-mexanik kimi hərbi səriştəsini, bacarığını artırıb. Cabir öz istəyi ilə cəbhə bölgəsinə göndərilib və bura da tank bölüyündə tuşlayıcı operator kimi xidmətini davam etdirib. 2016--cı ilin Aprel döyüşləri zamanı Lələtəpənin azad edilməsində tankçı Cabir Tarverdiyev əsl qəhrəmanlıq və şücaət nümayiş etdirib. İgid döyüşçünün sərrast atəşi düşmənin hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb. 2018-ci ildə gizir Cabir Tarverdiyev tank komandiri təyin edilib. Xidmət illərində medallarla və Fəxri fərmanlarla təltif edilib.

Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində Cabir Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində gedən döyüşlərə qatılıb. Kəşfiyyatçıların həmlə taboruna idarə etdiyi tankla kömək göstərən Cabir düşmənin ən güclü istehkamlarının dağıdılmasında fəal iştirak edib. Düşmənə ağır zərbə vuran Cabir həmin döyüşdə yaralanır və onu hərbi hospitala təxliyyə edirlər. Bir az müalicə alan Cabir öz tank heyəti ilə birlikdə Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir və düşmənə sarsıdıcı zərbələr vurur. Həmin döyüşlərin birində Cabir yenidən yaralanır. Yaraları tam sağalmamış Cabir yenidən döyüşə atılır. İgid tankçının döyüş yolu Xocavənd istiqamətində davam edib. Döyüş dostları  ilə birlikdə tankla düşmənin havadan müdafiə sistemini məhv edir, ardınca ermənilərin iki hədəfini də darmadağın edirlər. Cabir tankının düşmən hədəfində olduğunu bilsə də geri çəkilmir, əksinə, irəliləyərək düşmənin strateji mövqedə olan hədəfini sərrast atəşlə məhv edir. Cabir müharibə başlayan gündən birlikdə olduğu döyüşçü yoldaşları-tuşlayıcı Yusif Ələsgərov və sürücü-mexanik Elgün Abdullayevlə birlikdə 2020-ci il noyabrın 7-də Şuşada qəhrəmanlıqla həlak olub. Onları şanlı qələbədən cəmi bir gün ayırıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun  giziri Cabir Tarverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Cabir Tarverdiyevin doğum günündə xatirəsi anılıb, məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım günündə şəhidin ailəsi ilə birlikdə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Füzuli Rayon Gənclər və İdman İdarəsinin kollektivi, döyüş yoldaşları, Birinci və İkinci Qarabağ müharibəsi qaziləri və Araz Dilağarda kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər şəhid Cabir Tarverdiyevin qısa və şərəfli həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Qeyd olunub ki, Cabir kimi igid oğulların göstərdikləri şücaət gələcək nəsillər üçün əsl örnək olacaq.

Salman ALIOĞLU,

“Respublika”.