İGİD ÖLƏR, ADI QALAR
Sosial həyat

İGİD ÖLƏR, ADI QALAR

O, ailənin sonbeşiyi idi. Orta təhsilini doğma Tatoba kənd tam orta məktəbində almışdı. Sadə, səmimi, qayğıkeş gənc kimi xətrini hamı istəyirdi. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşmüşdü. Qusar rayonunda Milli Ordu sıralarında xidmət etmişdi. İntizamlı, nümunəvi əsgər olduğuna görə hərbi hissənin rəhbərliyi tərəfindən valideynlərinə təşəkkür məktubu da göndərilmişdir.

Ordudan tərxis olunduqdan sonra Lənkəran Regional Mədəniyyət İdarəsində işə düzəlmişdi. İdarənin “Xəzər” kompüter mərkəzinin rəhbəri  işləyir, biliyi, bacarığı ilə kollektivdə hörmət qazanmışdı.

2020-ci il sentyabr ayının 21-də qismən elan olunmuş səfərbərliyə alınaraq Ağcabədi rayonunda hərbi təlim keçmişdi. Turalın döyüş yolu Hadrutdan başlanıb. Ordumuzun əks-hücum əməliyyatlarında sıravi əsgər kimi fəal iştirak edib. Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad edilməsində, Şuşa ətrafında gedən döyüşlərdə cəsur döyüşçü kimi ad qazanıb.

Bacısı Gülüş Allahverdiyeva deyir ki, Tural bütün varlığı ilə torpağa, Vətənə bağlı idi. Deyirdi ki, ordumuz böyük qələbəmizi sürətlə yaxınlaşdırır, ermənilər qorxudan mövqelərini qoyub qaçırlar. Babam Mirzəbala İkinci Dünya müharibəsində 6 dəfə yaralanıb və kəndə qələbə ilə qayıdıb, mən də Lənkərana qələbə ilə qayıdacağam.

Məkrli düşmən Turalın arzularını yarımçıq qoydu. Xocavənd uğrunda gedən döyüş zamanı Tural şəhid mayoru döyüş ərazisindən çıxararkən düşmənin minomyot atəşi nəticəsində qəhrəmancasına həlak oldu.

 Böyük qələbəmizə isə cəmi 5 saat qalırdı. Tural 43 gün 19 saat Vətən uğrunda gedən döyüşlərin iştirakçısı olub,- deyə Gülüş xanım bildirdi. Şuşanı görmək arzusu ilə yaşayırdı. Heyif, Şuşanı azad görmək ona qismət olmadı. Qardaşım subay idi, toyuna hazırlaşırdıq. O, çox əqidəli, imanlı gənc idi. Müqəddəs Quranı sərbəst oxuyur, namaz qılırdı. İbadətini dəqiq yerinə yetirirdi.

Şəhadətindən 20 gün sonra atası Ağababa oğul itkisinə dözmədi. Kənd qəbiristanlığında ata və oğul yanaşı uyuyur. Kənd sakinləri, Turalın dostları, iş yoldaşları tez-tez gəlib məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva şəhid Tural Hümmətovun anası Cəmilə xanıma məktub göndərib. Məktubda oxuyuruq: “Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq. Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub”.

Tural Hümmətovun bir vaxtlar işlədiyi Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi onun haqqında ehtiramla söhbət açır, parlaq xatirəsini əziz tuturlar. Bu günlərdə idarənin əməkdaşları şəhidin məzarı üzərinə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, “Mədəniyyət” qəzetinin redaktoru Leyla Sarabin Tural Hümmətovun ailəsi ilə görüşüb, şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən danışıblar. İdarənin rəisi Şahin Şahbazov 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədə Tural kimi qəhrəman oğulların payı olduğunu, xalqımızın onlarla həmişə fəxr etdiyini bildirib.

Atalar məsəli var: igid ölər, adı qalar. Tural Hümmətovun da Vətən müharibəsində igidliyi, şücaəti barədə söhbətlər dillərdə gəzir. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirakına, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Tural Ağababa oğlu Hümmətov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlisəfa HƏSƏNOV,

    “Respublika”.