İgid oğullarımız qəlbimizdə yaşayacaq
Digər xəbərlər

İgid oğullarımız qəlbimizdə yaşayacaq

Erməni millətçiləri və faşistləri davamlı olaraq Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək onlarla yaşayış məntəqəsini viran qoymuş, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmış, günahsız dinc sakinləri, qocaları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Tarixi Qələbəmizi qəbul edə bilməyən erməni şovinistləri bütün bunlar azmış kimi, növbəti dəfə təxribata əl atdılar...

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Kəlbəcər rayonunun Qasımlar kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 20.09.1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu rayonun Zeyvə kənd qəbiristanlığında dəfn edildi. Vida mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, ictimaiyyət nümayəndələri, şəhidimizin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, ailə üzvlərinə Allahdan səbir diləyiblər.

Mərasimdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, səbir diləyib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad olundu. Şəhidlərimizin qisasları alındı. Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq.

Zabit XƏLİLOV,

 "Respublika".