İgid oğullar qürurumuzdur
Region

İgid oğullar qürurumuzdur

Tərtər rayonunun Sarcalı kəndində şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidənin önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Tədbirdə çıxış edənlər şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Qeyd ediblər ki, Vətən müharibəsində ölümün gözünə dik baxan, vətənini, torpağını canından və qanından əziz tutan igidlərimizin göstərdikləri döyüş nümunələri bütün dünyanı heyrətə gətirdi. Əsrlər ötsə də Azərbaycan əsgərlərinin igidliyi haqqında dastanlar yazılacaqdır. Gənc nəsillər bu qəhrəmanlarla qürur duyacaq.

Şəhidlərin ailə üzvləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".