İGİD KƏŞFİYYATÇININ XATİRƏSİNƏ EHTİRAM
Region

İGİD KƏŞFİYYATÇININ XATİRƏSİNƏ EHTİRAM

44 günlük Vətən müharibəsi müzəffər, rəşadətli ordumuzun şanlı döyüş səlnaməsinin ən parlaq səhifəsinə çevrilib. Bu şərəfli səhifəni igid, cəsur oğullar canları, qanları ilə yazıblar. Onlardan biri də Lənkəran rayonunun Liman şəhərində böyüyüb ərsəyə çatmış Kamran Səmədov olub.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə könüllü qatılmış Kamran Səmədov böyük şücaət, qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. İgid kəşfiyyatçı döyüşlərin birində həlak olub və şəhidlik zirvəsinə yüksəlib.

Ömrünün 23-cü payızında əbədiyyətə qovuşmuş Kamranın xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Xatirəsi daim əziz tutulur və həmişə ehtiramla yad edilir.

Şəhidin anım günündə xatirəsinə ehtiram olaraq tikilmiş bulaq kompleksinin açılışı olub. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İcra başçısı T. Qaraşov ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyətindən söhbət açıb. Bildirib ki, şanlı qələbə qəhrəman oğulların şücaəti və şəhidlərin qanı sayəsində qazanılıb. Vətən, torpaq uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsi heç zaman unudulmayacaq.

Şəhidin atası Ceyhun Səmədov oğlunun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan qürur duyduğunu vurğulayıb, övladının xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə və ailəyə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edənlər  ölkəmizin suverenliyi, ərazi bütovlüyü yolunda həlak olmuş igidlərə sonsuz hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Həmin gün şəhidin il mərasimi keçirilib. Mərasim iştirakçıları onun qəbrini ziyarət edib, üzərinə gül dəstələri düzüblər və ruhuna dualar oxunub.

Əlisəfa HƏSƏNOV,

   “Respublika”