İƏT Milli Xəbər Agentlikləri Birliyi ilə AZƏRTAC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Digər xəbərlər

İƏT Milli Xəbər Agentlikləri Birliyi ilə AZƏRTAC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) baş direktoru əvəzi Məhəmməd Əbd Rabbi əl-Yami ilə görüşündə AZƏRTAC-la UNA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ciddə şəhərində keçirilən görüşdə baş direktor əvəzi səfirə UNA-nın yaxın illər üçün nəzərdə tutulan fəaliyyət proqramı barədə ətraflı məlumat verib. O qeyd edib ki, Birliyin informasiya siyasəti islam dəyərləri, həmçinin şəffaflıq, etimad və etibarlı xəbərlərin yayılması üzərində qurulub. Bu baxımdan, UNA İƏT-ə üzv ölkələrin, o cümlədən Azərbaycanın rəsmi informasiya agentlikləri ilə daha sıx əməkdaşlığı nəzərdə tutur. Gələn il jurnalistlər üçün kursların keçirilməsi planlaşdırılır. 

Ş.Abdullayev İƏT-ə üzv ölkələr arasında beynəlxalq əlaqələrin inkişafında və jurnalistlərin peşə hazırlığının artırılmasında UNA-nın mühüm rolunu qeyd edib. Səfir vurğulayıb ki, Azərbaycan İƏT Milli Xəbər Agentlikləri Birliyinə lazımi dəstək göstərməyə hazırdır.

AZƏRTAC