İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir
İdman

İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir

5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

Ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Əlamətdar günün bu tarixdə qeyd olunması isə təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki, mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan idmanın inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir.

Belə ki, ölkəmizin hər yerində mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, idman sahəsinin maddi-texniki bazası möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması dövlətin bu sahəyə olan qayğısının təzahürüdür. 

Son illərdə respublikamızda 50-yə yaxın müasir standartlara uyğun Olimpiya İdman Kompleksləri istifadəyə verilmişdir. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunmuş, bir neçə böyük stadion və idman qurğusu inşa edilmişdir. Təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzi yüksək zövqlə tikilərək idmançıların ixtiyarına verilmişdir.

Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılığı ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, respublikamızda hər il beynəlxalq idman yarışları keçirilir, ölkəmiz müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına evsahibliyi edir.

Azərbaycanın iqtisadi qüdrəti möhkəmləndikcə, idmana dövlət səviyyəsində göstərilən qayğı daha da artır. Bunun sayəsində isə əldə edilən nəticələr ildən-ilə yüksəlir.  2000-ci ildən başlayaraq Yay Olimpiya Oyunlarının nəticələrindən aydın görünür ki, hər 4 ildən bir baş tutan oyunlarda Azərbaycanın qazandığı medalların sayı artır. Bu isə özlüyündə müsbət dinamikadan xəbər verir. Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlanmışdı. Müstəqilliyimizin bərpasından sonra ölkəmiz Olimpiya Oyunlarında--1996-cı ildə Atlantada (ABŞ) 1, 2000-ci ildə Sidneydə (Avstraliya) 3, 2004-cü ildə Afinada (Yunanıstan) 5, 2008-ci ildə Pekində (Çin) 7, 2012-ci ildə Londonda (Böyük Britaniya) 10 medala sahib olmuşdur. Milli komandamız 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) yeni qələbəyə imza atmış, medalların sayı 1-i qızıl, 7-si gümüş, 10-u bürünc olmaqla 18-ə çatmışdır. İdmançılarımız medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində 1-ci yerdə qərarlaşmışdır.

Dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə 2017-ci il mayın 12-22-də keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əməyi sayəsində bütün dünyaya nümayiş etdirdi ki, birlik  və həmrəylik gücümüzü daha da artırır. “Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. 

Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafından və dövlətin idmana olan diqqət və qayğısından xəbər verir. Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə ən əlverişli dövlətlərdən biri olan ölkəmizə qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycan dövlətinin inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Azərbaycan müstəqillik yolları ilə irəlilədiyi qısa müddət ərzində dünya idman tarixində öz sözünü deyib, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazıb. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazanıb və Olimpiya ölkəsinə çevrilib.

 Ötən il 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən 50-dən çox ölkənin iştirak etdiyi V İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız uğurla çıxış etmişlər. Azərbaycanı İslamiadada 281 idmançı təmsil etməklə 19 növdə güclərini sınamışlar. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurmaqla  29 qızıl, 36 gümüş, 34  bürünc medala layiq görülmüşlər.

44 günlük Vətən müharibəsində əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmamışdır. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpaqlarımızın azad olunmasında  yaxından iştirak etdilər. Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal-üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yollandılar. Vətən müharibəsində 1000-ə yaxın idmançımız İkinci Qarabağ müharibəsində iştirak etmiş, onlardan 321 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir.

Bu il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev demişdir: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir.  ...Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

Bu gün respublikamızda idmana dövlət qayğısı, bu sahəyə olan münasibət başqa ölkələrə nümunə olaraq göstərilir. Nüfuzlu idman yarışlarına və beynəlxalq tədbirlərə evsahibliyi etməsi, idmançılarımızın mötəbər yarışlarda çoxlu sayda medallar və mükafatlar qazanması respublikamızı dünyada idman ölkəsi kimi tanıdır.

                                                                                    Müşfiq MİRZƏ,

                                                                                     “Respublika”.