İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Sosial həyat

İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti, Azərbaycan Milli Olimpiya Komitəsinin, idman ictimaiyyətinin və federasiyaların nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı qarşısına gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

AZƏRTAC