“İdeyadan biznesə
Region

“İdeyadan biznesə" mövzusunda tədbir

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dünyagörüşünün, bilik və bacarıqlarının artırılması, yay mövsümündə asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən "Yay Fest - Azərbaycan Gənclər Festivalı" respublika üzrə gənclər şəbəkəsinin genişlənməsinə də xidmət edir.

Respublika Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı əsasında keçirilən festival çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə "İdeyadan biznesə" mövzusunda düşərgəyə start verilib. Layihə çərçivəsində 22-26 avqust tarixlərində təşkil olunan düşərgəyə respublikanın müxtəlif regionlarından innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220 nəfər gənc qatılıb.

Düşərgənin açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və "Regional İnkişaf" İctimai Birliyinin şöbə müdiri, "İdeyadan biznesə" layihəsinin rəhbəri Rəşad Əzizov və gənclərin nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər tədbirin yüksək əhəmiyyətindən danışaraq artıq ənənə halını almış və bu il 3-cü dəfə keçirilən "Yay Fest - Azərbaycan Gənclər Festivalı"nın davam etdirilməsinin vacibliyini bildiriblər. Səmimi və işgüzar şəraitdə keçən tədbirdə qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Düşərgənin növbəti günlərində iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar keçiriləcək.

M.QULUYEV,

"Respublika".