İdarəetmədə yeni yanaşma mühüm mərhələnin başlanğıcıdır
Siyasət

İdarəetmədə yeni yanaşma mühüm mərhələnin başlanğıcıdır

"Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik". Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı bu fikirləri səsləndirmişdir.

İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatdıqdan sonra bütün sahələrdə dinamik inkişafa nail olmaq, ölkə vətəndaşlarının rıfah halını daha da yaxşılaşdırmaq istiqamətində mühüm əhəmiyyətli işlərə başlandı. 30 il tarixi torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtdıqdan sonra dayanıqlı məskunlaşmasını təmin etmək, işğaldan azad olunmuş əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün genişmiqyaslı layihələr həyata keçirilir. Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası, bir sözlə, müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrası reallaşdırılır. Genişmiqyaslı işlərin yüksək səviyyədə və zamanın tələbinə uyğun həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının bir-biri ilə paralel şəkildə fəaliyyət göstərməsi qarşıya qoyulan vacib məsələlərdən biri olaraq müəyyənləşdirilib. Bu məqsədlə yerli idarəetmənin yeni modeli formalaşdırılır. Ötən il aprel ayının 29-da Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı yeni idarəçilik modelinin sınaqdan keçirildiyini bildirmiş və qeyd etmişdir ki, sovetlər birliyinin dağılmasından sonra yaradılmış mövcud regional idarəetmə sistemi artıq özünü doğrultmur. Səlahiyyət və məsuliyyət bölgüsünün düzgün aparılmadığı köhnə idarəetmə sistemi artıq effektiv olmadığını bütün sahələrdə büruzə verir. Korrupsiya halları, məmur özbaşınalığı, vətəndaşların problemlərinin vaxtlı-vaxtında həll olunmaması artıq yeni idarəetmə sisteminin yaradılmasını zəruri edir. Ölkə başçısı Qarabağda sınaqdan keçirilən yeni fərqli idarərtmə sistemini digər bölgələrimizə də tətbiq etməklə regionlarda dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, çevik və şəffaf idarəetməyə nail olunacağını bildirmişdir.

Bu gün dövlət rəhbərinin müəyyənləşdirdiyi yeni idarəçilik modeli əsasında respublikamızın hər yerində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri geniş vüsət alıb. Azərbaycanın tarixi, mədəni, strateji ərazisi olan Qarabağda qazanılan zəfərin davamı olaraq Böyük Qayıdışın reallaşması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir. Yerli idarəetmənin yeni modellərindən biri olan xüsusi nümayəndəliklərin yaradılması nəticəsində işğaldan azad olunmuş ərazilərin perspektivli inkişafı məqsədilə dövlət orqanlarının, onların yerli bölmələrinin, digər aidiyyəti təşkilatların əlaqələndirilmiş fəaliyyəti təmin edilir, daha fərqli yeni idarəetmə metodunun yaradılması istiqamətində mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik formatı yerli idarəetmədə əhəmiyyətli dəyişikliklərin başlanğıcı, regionlarda sosial-iqtisadi inkişafa yönəlmiş mütərəqqi addımdır.

Yeni idarəetmə forması ilk olaraq Şuşada tətbiq olunmuşdur. Belə ki, 2021-ci il yanvar ayının 27-də Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etmiş və Azərbaycanın baş tacı olan Şuşanın sistemli və dinamik şəkildə yenidən qurulması, 30 illik işğal dövründə ermənilər tərəfindən məhv edilmiş mədəni irsinin bərpa edilməsi, vətəndaşlarımızın öz yurd yerlərində rahat və müasir həyat şəraiti ilə təmin olunması üçün qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində tövsiyələrini vermişdir.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da Prezidentin xüsusi nümayəndəsi tərəfindən idarə olunur. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu günlərdə Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə əhalinin ardıcıl şəkildə köçürülməsi üçün hazırda Zəngilanda görülən bərpa-quruculuq işləri, planlaşdırılan layihələr, həmçinin rayonun dayanıqlı inkişafı üçün müəyyən olunmuş prioritet istiqamətlərdən danışıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov təyin olunub. Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasında da xüsusi nümayəndəlik yaradılmış, Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Azərbaycan Prezidentinin Naxçıvan üzrə xüsusi nümayəndəsi təyin edilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında Prezidentin daimi nümayəndəliyinin yaradılması, idarəetmədə yeni yanaşma ölkənin inkişafında mühüm mərhələnin başlanğıcıdır. Bu idarəçilik metodu, struktur dəyişikliyi yaxın gələcəkdə bütün ölkə ərazisində tətbiq olunacaq. Köklü struktur islahatlarının aparılmasında başlıca məqsəd isə ölkədə sürətli inkişafa nail olmaq, vətəndaşların həyat şəraitini maksimum səviyyəyə yüksəltmək, vətəndaş-dövlət münasibətlərini yaxşılaşdırmaq, bütün bunların fonunda idarəetməni optimallaşdırmaqdan ibarətdir. Həmçinin yeni idarəetmə metodunun tətbiqi bölgələrin kompleks tərəqqisini şərtləndirərək hər bir rayonun təbii potensialına uyğun inkişafını təmin edəcək, bu mexanizmin formalaşması nəticəsində respublikamzın bütün bölgələrinin fundamental və bərabər şəkildə inkişafına imkan yaranacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".