İdarəçiliyin təkmilləşdirilməsi və kadr potensialının inkişafı əsas məqsədlərdəndir
Digər xəbərlər

İdarəçiliyin təkmilləşdirilməsi və kadr potensialının inkişafı əsas məqsədlərdəndir

Ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunması qərara alınıb.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşmasının tarixi dövlət müstəqilliyimizin əldə olunmasından başlayır. Məhz 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikası dövlət qulluğu sahəsində müasir inkişaf mərhələsinə qədəm qoymuşdur. Müstəqillik əldə edildikdən sonra respublikamızda yeni bir dövlət qulluğu sistemi və dövlət qulluğunun həyata keçirilməsinin yeni prinsipləri formalaşmağa başlamışdır. Lakin müstəqilliyin ilk illərində yaşanan xaos, siyasi hərc-mərclik və qeyri-peşəkar dövlət idarəetməsi bu sahədə ciddi bir irəliləyişə nail olmağımıza əngəl törətmiş, eləcə də dövlət qulluğunun formalaşdırılmasının hüquqi bazası yaradılmamışdı. Lakin ümummilli lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra respublikamızda əldə olunan ictimai-siyasi sabitlik və dayanıqlı iqtisadi təməllərin atılması dövlət qulluğunun da inkişafına səbəb olmuş, dövlət qulluğu sisteminin yaradılması yolunda mühüm addımlar atılmışdır. İlk təşəbbüs olaraq ulu öndər Heydər Əliyevin səyləri nəticəsində hazırlanmış 1995-ci il Konstitusiyasını göstərmək olar. Konstitusiyanın 55-ci maddəsi Azərbaycan vətəndaşlarının dövlət qulluğuna qəbulu, eləcə də dövlət qulluğunda iştirakı ilə bağlı bir sıra məqamlara toxunmuşdur.

1998-ci il dekabrın 29-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması dövlət idarəetməsində səmərəliliyin artırılması, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin təkmilləşdirilməsi üçün mühüm addım idi. Bu Fərmandan başlayaraq bir çox fərman və sərəncamlar imzalanıb, eləcə də bir sıra qanunlar qəbul edilmişdir.

Mühüm normativ-hüquqi aktlardan biri də 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, insanın, sıravi vətəndaşın rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin geniş bir təbəqəsini təşkil edən dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bağlı bütün məsələləri tənzimləyir. Bu Qanun Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlayıb. Qanunda xüsusilə dövlət qulluğu sahəsində dövlətlə məmurlar arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı bir çox məsələlər tənzimlənir.

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar bütün dövlət idarəçiliyi orqanlarında elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır. Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət almış və elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldilməsi ilə yanaşı, vətəndaşların da məmnunluğunu artırıb.

Azərbaycan Respublikasında “elektron hökumət”lə bağlı ideya ilkin olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunub. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası”nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalaşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi.

Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi nəzərə alınaraq yaradılıb.

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq. Mən buna çalışmışam, bundan sonra da çalışacağam, heç kim və heç nə məni bu yoldan döndərə bilməz”.   Əlbəttə, bu gün dövlət hakimiyyəti orqanlarında çalışmaq, dövlət qulluğu vəzifəsi tutmaq çox böyük şərəf olmaqla bərabər, həm də çox ciddi məsuliyyət və cavabdehlik deməkdir. Dövlətimizin inkişaf etdiyi bir dövründə ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri icra etmək səviyyəsində olmaq üçün dövlət qulluqçusu daim öz üzərində çalışmalı, andına sadiq olmalı, fəaliyyətində qanunçuluğu, qanunun aliliyini rəhbər tutmalı, özünün peşəkarlıq səviyyəsini və səriştəsini artırmalıdır.

Bir sözlə, dövlət qulluqçusu ümummilli liderimiz Heydər Əliyevin qurduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inkişaf etdirdiyi bugünkü Azərbaycanımızın möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifah halının daha da yaxşılaşması naminə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməli, dövlət qulluqçusu adını yüksək tutmalı, öz işi, əməli ilə dövlətimizə və xalqımıza layiqincə qulluq etməlidir.

M.MİRZƏ,

“Respublika”.