İçərişəhərlə tanışlıq Qırğızıstanın birinci xanımında xoş təəssürat doğurub
Sosial həyat

İçərişəhərlə tanışlıq Qırğızıstanın birinci xanımında xoş təəssürat doğurub

Ölkəmizdə səfərdə olan Qırğız Respublikası Prezidentinin xanımı Ayqul Japarova aprelin 20-də İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ayqul Japarova təndir çörəyinə qonaq edilib.

 Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonaq "Brilyant əl" bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqda böyük maraq doğurub.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanılması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

AZƏRTAC