Səhiyyə

"İcbari tibbi sığorta" üzrə maarifləndirmə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şamaxı filialının və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İcbari tibbi sığorta" mövzusunda maarifləndirmə tədbiri keçirilib.  

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə əməkdaşları və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açaraq son illər ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, əhalinin sağlamlığını qorumaq məqsədilə səhiyyə sahəsində bir sıra islahatlar aparılıb. Bunlardan ən önəmlisinin icbari tibbi sığortanın olduğunu qeyd edərək bu istiqamətdə vətəndaşlar arasında ciddi maarifləndirməyə ehtiyac olduğunu diqqətə çatdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şamaxı filialının rəhbəri Elşən Rəcəbov "icbari tibbi sığorta haqları", "xidmətlər zərfində təminat verilən tibbi xidmətlər", "TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri", "tibbi xidmətlərdən istifadə qaydası", "Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri" və "özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası"na dair məlumatlar verib.

Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov icbari tibbi sığortanın üstünlükləri barədə danışıb. Bildirib ki, tibbi sığorta üçün müraciət edən vətəndaşlar aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlana bilərlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

M.QULUYEV,

"Respublika".