Hüquqi dövlət quruculuğunun müəllifi
Siyasət

Hüquqi dövlət quruculuğunun müəllifi

Hər xalqın seçilən və sevilən, həyatın ən ağır anlarında ona yol göstərən, tarixi dönüşlər zamanı düzgün istiqamət seçərək onu büdrəməkdən xilas edən böyük şəxsiyyətləri olur. Belə şəxsiyyətlər gördüyü misilsiz işlərlə xalqının varlığını, mövcudluğunu əbədiləşdirdiyinə, onun gələcək inkişaf yollarını, digər millət və dövlətlər arasında yerini, mövqeyini müəyyənləşdirdiyinə görə həmin xalqın əbədi qürur yerinə çevrilir. İllər keçdikcə belə insanların qeyri-adiliyi və onların ideyalarının əbədiyaşarlığı dönə-dönə öz təsdiqini tapır və bu ideyalar bütün nəsillərə örnək olur, onları daha böyük quruculuq işlərinə ruhlandırır. Xoşbəxtlikdən, xalqımızın da zaman-zaman bu cür tarixi şəxsiyyətləri olmuş və məhz onların sayəsində bu gün Azərbaycan müstəqil dövlətlər sırasında öz layiqli yerini tuta bilmişdir. İndi Azərbaycan böyük əzab-əziyyət və tökdüyü qanlar hesabına bərpa etdiyi müstəqilliyi ilə hədsiz fəxr edib, onu gündən-günə möhkələndirməklə yanaşı dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur.

XX əsrdə Azərbaycanın taleyinə uca Tanr

ının qisməti kimi göndərilən belə şəxsiyyətlərin ən ünlüsü, tariximizin şərəfli səhifələrini yazmış dünya səviyyəli, müdrik siyasi xadim, yanarqəlbli vətənpərvər, sözün əsl mənasında xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur. Bu il 100 illiyini dərin ehtiramla qeyd etdiyimiz ulu öndərin keçdiyi həyat yolu hər bir azərbaycanlı üçün əbədi örnəkdir. Çünki bu böyük şəxsiyyətin milləti, ölkə və dövləti, bütövlükdə isə Vətəni naminə gördüyü misilsiz işləri sadalamaqla qurtarmaz.

Azərbaycanın hüquqi dövlət kimi quruculuğunda və inkişafında da ulu öndər Heydər Əliyevin danılmaz, əvəzolunmaz zəhməti var. Böyük və qlobal dəyişikliklər, iqtisadi və sosial sahələrdə aparılan islahatlar Azərbaycan xalqının maddi və mənəvi tərəqqisində yeni mərhələ təşkil edir. Bəllidir ki, Azərbaycanda sosial-iqtisadi, hüquqi-demokratik islahatların həyata keçirilməsində Konstitusiyanın prinsipləri və müddəaları birmənalı şəkildə əsas götürülmüşdür. Sivil dövlət quruculuğu əslində Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması naminə yeni siyasi-iqtisadi sistemin, hüquqi-normativ bazanın formalaşdırılması istiqamətində uğurlu işlər həyata keçirilməsi ilə bağlıdır. Qeyd etməliyik ki, 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında məhz Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiya təşkil edilmişdir. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikdən sonra Milli Məclis tərəfindən saysız-hesabsız qanun qəbul edilmişdir ki, bu da yeni dövlət quruculuğunda hüquqi baza yaradılmasının parlaq ifadəsidir.

Ulu öndər Heydər Əliyev Konstitusiyanın qəbul edilməsini respublikamızda dövlət quruculuğunun yeni mərhələsinin başlanması kimi dəyərləndirmişdir. O, Konstitusiyanın qəbul edilməsindən beş il sonra ölkəmizdə dövlət quruculuğu sahəsində görülən işləri ümumiləşdirərək vurğulamışdır: "1995-ci il noyabrın 12-dən, yəni müstəqil respublikamızın Konstitusiyası qəbul olunduqdan və parlament seçkiləri keçirildikdən sonra başlanan bu dövr dövlət quruculuğu baxımından, əlbəttə ki, bizim tariximizin ən məhsuldar dövrüdür".

Avropa Şurasına üzv qəbul olunmamışdan əvvəl - 1996-cı il iyunun 28-də Avropa Şurasında "xüsusi qonaq" statusu aldıqdan sonra dövlətimiz Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyası istiqamətində, daha doğrusu, milli qanunvericiliyimizin Konvensiyaya və ona əlavə olunmuş Protokollara uyğunlaşdırılması ilə bağlı ciddi addımlar atmağa başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirləri haqqında", 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirləri haqqında" imzaladığı sərəncamlar göstərilən istiqamətdə genişmiqyaslı tədbirlərin görülməsi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatlar müstəvisində xüsusi komissiya yaradılmasının da böyük əhəmiyyəti olmuşdur. Sosial-iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar qəbul edilmişdir. "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və s. qanunların, ailə, mülki, mülki-prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, cəzaların icrası, gömrük və vergi məcəllələrinin qəbul edilməsi dövlətçiliyin inkişafında, cəmiyyətimizdə hüquqi normaların bərqərar olmasında, humanitar təminatın inkişafında həlledici əhəmiyyət daşıyır.

Konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünməsi modelinin təkmilləşdirilməsi və inkişafı Prezident tərəfindən təmin edilir. Bu baxımdan "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli Fərmanının böyük əhəmiyyəti vardır. Fərmanda göstərilir ki, cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəçiliyində köklü islahatlar aparılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası müstəqil inkişaf dövrünə qədəm qoyduqdan sonra dünyəvi dəyərlərin üstünlüyünü qəbul edərək, hüquqi-demokratik dövlət quruculuğunu özünün inkişaf perspektivi kimi seçmişdir.

İnsana insani münasibət faktorunu aktual zərurət kimi gündəmə gətirən Azərbaycan Respublikası 1998-ci ilədək insan hüquqları sahəsində yeni-yeni beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasına əhəmiyyətli vəzifə kimi baxmışdır. Bu baxımdan ölkəmizdə demokratiya daha da inkişaf etdirilmiş, insan hüquqlarının müdafiəsi istiqamətində geniş tədbirlər planı həyata keçirilmiş, maarifçilik işi gücləndirilmişdir.

1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmış, həmin ildə qadınlar üzrə dövlət siyasətini daha mükəmməl şəkildə həyata keçirilməsini təmin etmək, onların ictimai-siyasi, sosial həyatda fəaliyyətini gücləndirmək məqsədilə "Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında" 14 yanvar 1998-ci il tarixli Fərmanla müvafiq Komitənin əsası qoyulmuşdur.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan çoxsahəli fəaliyyətin müsbət nəticəsi olaraq respublikamız 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Əlbəttə, bu, həyata keçirilən tədbirlərin qiymətləndirilməsi kimi qəbul edilsə də, Azərbaycan dövlətinin üzərinə əlavə öhdəliklər də qoymuşdur. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində Milli Məclisin Avropa Şurasındakı daimi nümayəndə heyətinin başçısı cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilmişdir. İlham Əliyevin belə bir nüfuzlu təşkilatda rəhbər vəzifəyə seçilməsi ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun uğurlu nəticəsindən xəbər vermişdir.

 Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə və respublikamızın Şura qarşısında götürdüyü öhdəliklərə əsasən Milli Məclis tərəfindən bir sıra Konstitusiya qanunları qəbul edilmişdir. Belə qanunlardan biri də 2001-ci il dekabrın 28-də qəbul edilmiş "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - Ombudsman haqqında" Konstitusiya Qanunu olmuşdur. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilmişdir. Bu təsisatın yaradılması insan hüquqlarına riayət olunmasında parlament nəzarətinin təşkilini möhkəmləndirir.

Müstəqil Azərbaycan dövlətinin mənəvi tərəqqisi, respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu faktdır ki, hüquqi, iqtisadi, sosial və siyasi sahələrdə fundamental islahatların aparılması üçün respublikamızda dövlət quruculuğu prosesində ciddi addımlar atılmışdır.

Ədalət mühakiməsini həyata keçirən müstəqil və qərəzsiz hakimlər korpusunun formalaşdırılması üçün Heydər Əliyevin "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" Fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir. Bu səlahiyyətli orqanın yaradılması ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarını daha da sürətləndirmiş və onların səmərəli fəaliyyətinə təminat vermişdir.

Məhkəmə-hüquq islahatları geniş məzmuna malik olmaqla bütövlükdə ədalət mühakiməsinin hüquqi təminatına xidmət edir. Təbii olaraq, bu məhkəmə hakimiyyətinin müstəqilliyini, onun icra və qanunverici hakimiyyətlərdən qeyri-asılılığını şərtləndirir.

Hazırda respublikamızda sosial-iqtisadi və hüquqi islahatların aparılması ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qəbul edilməsi insan hüquqlarının müdafiəsi istiqamətində yeni atılan addımlardan biri olmaqla, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi və dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəlmişdir.

İnzibati və Kommersiya məhkəmələrinin fəaliyyətə başlaması insan hüquqlarının təminatı sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasının yeni mərhələsidir. Hazırda Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini şərtləndirir.

Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tarixi nailiyyətimizdir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda insan hüquq və azadlıqlarının təminatı sahəsində çox mühüm nailiyyətlər əldə olunmuş, sivil vətəndaş cəmiyyəti formalaşmışdır. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyət proqramı da məhz ulu öndərin təməl islahatları üzərində inkişaf etməkdədir. Ölkəmiz demokratik, hüquqi cəmiyyət quruculuğu yolunda inamla addımlamaqdadır. Demokratik Azərbaycan sivil dünya dövlətləri sırasında öz layiqli yerini tutmaqdadır.

Zaur MƏMMƏDOV,

Sumqayıt Apellyasiya Məhkəməsinin

hakimi, Kommersiya kollegiyasının sədri.