Hünəri dillər dastanı
Region

Hünəri dillər dastanı

Vətənini canından artıq sevən, 19 yaşında onun yolunda şəhid olan Şahin Afat oğlu Tahirli Lerik rayonunun Züvüç kəndindən idi. Şahin 2018-ci ildə orta məktəbin 11-ci sinfini başa vurub Mingəçevir Turizm Kollecinə qəbul olunur.

Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və öz istəyi nəzərə alınmaqla onu cəbhə bölgəsinə göndərirlər. Hərbi hissədə Vətənə olan məhəbbətini nümunəvi xidməti ilə bir daha sübut edir. Əlinə silah alıb döyüş meydanında erməni dığalarını əzmək onun başlıca məqsədinə dönür.

Vətən, millət təəssübü çəkən igid əsgər İkinci Qarabağ müharibəsi başlanan gündən yurdun yaralarına məlhəm olmaqdan ötrü torpaq naminə haqq savaşımıza ürəklə, qələbəyə inamla girişir. Yurd yağı tapdağında qalmasın deyə, 42 gün dığalara qan qusdura-qusdura odun-alovun içində, səngərdə əsl igid kimi döyüşür. Füzulinin, Qubadlının, Şuşanın hər qarışında hünər, şücaət göstərir, ad çıxarır. Şanlı zəfərimizin bir addımlığında, noyabrın 7-də Daşaltı kəndi uğrunda gedən şiddətli döyüş meydanında qarı düşmən Şahinin Vətən eşqli ürəyini nişan ala bilir...

Şəhid atası Afat Tahirli oğlu haqqında deyir: - Şahin çox mərd böyümüşdü. Vətən sevgisi onun qanında idi. Məhz buna görə də Qarabağın taleyi onu düşündürürdü. Torpaqların işğalından söz düşəndə qürurla deyərdi ki, qisas qiyamətə qalmaz, şəxsən öz əllərimlə üçrəngli bədirli bayrağımızı Qarabağa sancacağam. İgid Şahinim müqəddəs arzusuna artıq çatdı. Xoşbəxt  atayam ki, indi bütün Azərbaycan oğlumla fəxr edir. Dövlətimdən də çox razıyam. Bir an belə oğlum unudulmur.

Döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə Vətənin yüksək mükafatlarına - "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallara layiq görülüb.

İndi qəhrəmanın adına kəndində bulaq abidə-kompleksi var. Bura camaat üçün müqəddəs and yerinə dönübdür.

Zəfər ORUCOĞLU.