Humanizm çərçivəsində keçirilən ekoaksiyalar davam edir
Digər xəbərlər

Humanizm çərçivəsində keçirilən ekoaksiyalar davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qeyri-qanuni istismarı əleyhinə ekofəalların etiraz aksiyası 2 aya yaxındır ki, davam edir. Şuşa-Laçın yolunda "Ekoterrora son!", "Təbiəti qoruyaq!" kimi şüarlarla müşayiət edilən aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Dinc formada keçirilən nümayişdə iştirakçılar qanunsuz istismarın qarşısının alınması üçün Azərbaycan mütəxəssislərinin ərazidə monitorinq keçirmələrinə şərait yaradılmasını tələb edirlər. Haqlı olaraq Azərbaycan xalqı rusiyalı milyarder Ruben Vardanyanın təbii sərvətlərimizi talan etməsinə və ətraf mühiti çirkləndirməsinə göz yuma bilməz. Ona görə də etirazçılar Ermənistan və onun havadarlarının Laçın-Xankəndi yolundan minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısını almağa çalışırlar. Ermənilər isə hər dəfə olduğu kimi, bu prosesə də müxtəlif don geyindirməyə çalışır, hadisələri siyasi və humanitar böhran kimi təqdim edirlər.

Görünür, mənfur düşmənlərimizin bu hiyləsinə aldananlar da var. Belə ki, BMT-nin Əhali Fondu yanvarın 24-də Laçın yolundakı vəziyyətə dair qərəzli bəyanat yayıb, rəsmi Bakını yolu açmağa çağırıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı ailənin acınacaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi isə qəbuledilməzdir. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin BMT-yə cavabında da bildirilib. Qeyd olunub ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.

Hazırda Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə törədilmir və etirazların bölgədə humanitar fəlakət yaratdığı barədə iddialar əsassızdır. Aksiyalar başlayan gündən indiyədək bu yoldan istifadə etməklə sakinlər gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunub. Azərbaycan hökuməti erməni sakinlərinin bütün humanitar ehtiyaclarını operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan 44 günlük Vətən müharibəsində onun torpaqlarını 30 il işğalda saxlayan düşmənə belə humanist münasibət göstərib, hər zaman mərhəmətli davranışları ilə diqqət çəkib. 12 dekabr tarixindən etibarən başlanan və 59 gündür ki, davam edən aksiya çərçivəsində də rəsmi Bakı eyni humanizmi təkrarlayır, dinc ermənilərin sosial rifahını təmin edir. Çünki mübarizə aparmaq üçün hüquqi və mənəvi dəyərləri tapdalamaq Azərbaycan xalqının təbiətinə, eləcə də qədim dövlətçilik ənənələrinə yaddır.

Jalə QASIMZADƏ,

 “Respublika”.