Humanitar yardım və yaxud da dilənçi payı
Sosial həyat

Humanitar yardım və yaxud da dilənçi payı

Fransanın, onun rəhbəri Makronun Ermənistana “sevgisini” hamımız yaxşı bilirik. Bu, məlum məsələdir. Bu "sevginin" əməli sübutlarından biri də Fransanın Ermənistana müxtəlif vaxtlarda humanitar yardım göstərməsidir.

Məsələn, 2020-ci il noyabr ayının 22-si və 27-də, iki dəfə olmaqla Aznavur Fondu tərəfindən yardım həyata keçirilib. Elə həmin ilin dekabr ayında Aznavur Fondu tərəfindən daha bir yardım dolu təyyarə Ermənistana yola salınıb. Tarix boyu öz dilənçi xisləti ilə bir çox ölkələrdən yardım alan Ermənistan Fransanın göndərdiyi yardımlarla öyünməklə nə qədər aciz və gücsüz durumda olduğunu sübut etmiş olur. Fransa isə etdiyi kiçik yardım paketləri ilə nəinki öyünür,  hətta  özünü Ermənistan üzərində söz sahibi kimi hiss edir. Sanki erməniləri özünün qulu,  əlaltısına çevirmiş olur. Ağanın sadiq qulu olan Ermənistan aldığı bu dəstəklə özünü daha böyük məğlubiyyətə,  məhvə sürükləyir. Təbii ki, burada Fransanın da öz maraqları var. Ermənistan və onun vətəndaşlarının taleyi Makrona o qədər də maraqlı deyil. Onun əsas məqsədlərindən biri də Ermənistan üzərindən Qafqaza burnunu soxmaq istəyidir. Fransa hər vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır.

Bütün istəkləri puça çıxan Makron  indi də humanitar yardım adı ilə məqsədini reallaşdırmaq niyyətindədir. Əlbəttə ki,  bütün planları Fransa kiçik bacısı Ermənistanla bərabər hazırlayır. Ancaq onu da xüsusi qeyd edək ki, bu planlar elə kağız üzərində də qalacaq. Əvvəla, Fransanın humanitar yardım adı ilə məsələyə yanaşması BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadədir. Belə ki, hər hansı ölkənin ərazisinə humanitar missiya yalnız o ölkənin razılığı ilə göndərilə bilər. Azərbaycanın isə bununla bağlı heç bir razılığı ola bilməz. Yox, əgər Xankəndidə yaşayan  erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar yardıma ehtiyacı varsa, bu Azərbaycan dövlətinin daxili işidir. Heç kimin, heç bir dövlətin, həmçinin də Fransa kimi bir dövlətin ölkəmizin daxili işinə qarışmağa ixtiyarı və səlahiyyəti yoxdur.

Ümumiyyətlə, Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz. Çünki Azərbaycan vətəndaşı hansısa bir humanitar böhran və çətinliklə rastlaşarsa, Azərbaycanın bu böhranı aradan qaldırmağa kifayət qədər gücü və potensialı var. Makron isə yaxşı olardı ki, öz ölkəsində baş verən daxili çəkişmələr və problemlərlə məşğul olsun.  Əks təqdirdə hər zamankı kimi, Azərbaycan tərəfinin "yerində otuzdurma"  əməliyyatına məruz qalacaq. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransanı da, onun rəhbərini də dəfələrlə fakt qarşısında susdurmuşdur.

Fransanın Ermənistanla birgə Azərbaycana qarşı tutduğu hazırkı mövqeyini cığal uşaqların məhlə davasına bənzətmək olar. Təsəvvür edin ki, Ermənistan cığal, tərbiyəsiz biri kimi Azərbaycan ərazisinə soxulub, Azərbaycan da onu etdiyi səhvə görə,  yaxşı əzişdirib evlərinə yola salıb ki, uşaqsan get ağıllı ol. Ağlaya-ağlaya evlərinə gələn Ermənistan küçədə tin uşağı Makrona rast gəlir. Hal-qəziyyə əhvalatı böyük bacısına nağıl edir. Makron da ermənidən cığal. Ağlayan uşağın da əlindən tutub başlayır küçədə şüvənlik edib, üst-başını cırmağa. Həyasızlığı işə yaramayanda isə  Ermənistanı qurbanlıq quzu kimi irəli ötürüb yeni planlar cızır. Ancaq Makron anlamır ki, Qafqazda ələbaxımlığı özü üçün meyar sayan Ermənistandır.

Məsələnin maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, illərlə,  elə hazırda da Ermənistan Fransa kimi dövlətlərdən yardım dilənməklə həm də bu yolla  ölkəsinə silah daşınmasını da təmin edir. Deməli, Ermənistan "humanitar yardım" adı altında digər məqsədləri üçün də yararlanırmış. Bəli, artıq bu təsdiq olunmuş haldır ki, Ermənistana silah və hərbi texnika daşınması bir çox hallarda "humanitar yardım" adı altında həyata keçirilir. Bununla da bu ölkəyə ayrılan yardımlar birbaşa terrorizmin maliyyələşməsinə xidmət edir.

Ramidə YAQUBQIZI,

"Respublika".