Hulusi Kılıç Ankarada tələbələr qarşısında Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ müharibəsi mövzusunda çıxış edib
Digər xəbərlər

Hulusi Kılıç Ankarada tələbələr qarşısında Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ müharibəsi mövzusunda çıxış edib

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Ankarada fəaliyyət göstərən Hacı Bayram Vəli Universitetinin tələbələri ilə görüşüb. Səfir "Türkiyə-Azərbaycan əlaqələrinin tarixi prosesi və İkinci Qarabağ müharibəsi" mövzusunda çıxış edib.

AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın "Dostluq" ordenini təqdim etməsi barədə videoçarx nümayiş olunub.

Çanaqqala zəfərindən başlayaraq günümüzdə baş verən proseslərə qədər iki qardaş ölkə arasındakı münasibətləri müqayisəli şəkildə təhlil edən səfir Hulusi Kılıç diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin təməlində mənəvi dəyərlər və tarixi keçmiş dayanır. Ona görə də heç bir dövrün məhdudiyyətləri iki qardaş ölkə və xalq arasındakı səmimiyyətə əks-təsir edə bilmir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı parlaq qələbəni bütün türk dünyasının tarixi nailiyyəti kimi dəyərləndirən səfir bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı regiona uzunmüddətli sülh və kompleks inkişaf gətirəcək. Azərbaycanın qazandığı tarixi hərbi Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyət bölgədə formalaşmaqda olan yeni münasibətlər sisteminin təməlini təşkil edir.

"44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində" adlı kitabı barədə iştirakçılara məlumat verən səfir, tələbələri maraqlandıran sualları cavablandırıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yaxın zamanlarda münasibətlərin tənzimlənməsi üçün Ankara və İrəvanın xüsusi nümayəndələr təyin ediləcəyi, həmçinin Ermənistan paytaxtına çarter reyslərin açılacağı barədə çıxışına münasibət bildirən səfir diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası, xalqın rifahının yüksəlişi və sülh şəraitində yaşaması Türkiyə üçün hər zaman olduğu kimi, bundan sonra da bir nömrəli məsələ olacaq. Türkiyə Ermənistanla bütün münasibətləri Azərbaycanla birgə məsləhətləşmələr əsasında Can Azərbaycanın maraqlarının qorunması şərtində quracaq. Bu yanaşma Türkiyə dövlətinin mövqeyi, türk xalqının tələb və istəyidir. Azərbaycan-Türkiyə münasibətləri "Bir millət, iki dövlət" prinsipi ilə Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq davam edəcək.

AZƏRTAC