HÖRMƏT VƏ QAYĞI DAİMİDİR
Bölgələr

HÖRMƏT VƏ QAYĞI DAİMİDİR

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaəti nəticəsində 44 günlük müharibədə qazandığımız Zəfər, xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti dəfə şəhid ailələri və qazilərlə Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun evində görüşüb.

Vətən müharibəsi zamanı ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın birliyindən, Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açan şəhər rəhbəri adları Vətən tarixinə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə şəfa diləyib.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı Milli Qəhrəmanın həyat yoldaşı Rübabə Aslanova ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq minnətdarlığını ifadə edib. Həmçinin şəhid ailələrinə yerlərdə göstərilən yüksək ehtiramdan söhbət açıb. Şəhər rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Qəhrəmanın ocağına toplaşmağın şəhid ailələrinə olan yüksək hörmət və ehtiramın bariz nümunəsi olduğunu vurğulayıb. Bütün şəhid ailələri kimi, hər zaman ona və övladlarına göstərilən qayğıdan danışaraq razılığını ifadə edib.

Sonda şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə xatirə hədiyyələri təqdim olunub.

Zabit XƏLİLOV,

"Respublika".