“Hindistan-Hayastan
Digər xəbərlər

 “Hindistan-Hayastan" sevgisi

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan bir dövlət kimi Ermənistan üzərində tarixi qələbəsini qazandı. Ancaq biz Qələbə ilə yanaşı, həm də dostlarımızı və düşmənlərimizi də tanıdıq. Kimin bizə dost olub, qələbəmizə sevindiyinin, kimin isə düşmən mövqeyində dayanıb bizi vurmaq cəhdinin şahidi olduq.

Qəribəsi isə odur ki, biz Ermənistanın xain üzünü yenidən gördük. Müharibə zamanı bizim haqq işimizi dəstəkləyib, ruhən, mənən yanımızda olan İsrail dövlətinin bizə qarşı dost münasibətini həzm edə bilməyən Ermənistan İran-İsrail münasibətlərinin soyuqluğundan istifadə edib, İrana sarı yanaldı. İranı özünə qardaş hesab edən Ermənistan bununla Azərbaycana zərbə vurmaq istədi. Yəni vəziyyətə İran üzərindən başqa don geyindirməyə çalışdı. Guya, Azərbaycan ərazisində İsrail qoşunlarının da olduğunu deyərək, bunun İran üçün də təhdid olacağını vurğulamağa başladı. Əlbəttə ki, Ermənistanın növbəti iftirasına Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elə Qarabağ torpaqlarında, Arazın kənarında mükəmməl cavab verildi.

Və yaxud da Pakistanın Azərbaycanla olan dost münasibətlərini gözü götürməyən Ermənistan əlimyandıda Hindistanı da özünə qardaş seçdi. Necə deyərlər, yeni tarixdə köhnə ənənələrin davamı olan "Hindistan-Hayastan" sevgisi "alovlandı". Bu baxımdan tarixə nəzər salsaq görərik ki, ermənilərin özlərinə məskən saldıqları məmləkətlər heç də az olmayıb. Qaraçı köçü kimi bu diyardan, o diyara daşınan ermənilər demək olar ki, bütün coğrafiya boyu gəzmişdilər.

Hindistan Ermənistanı müstəqillik elan etməsindən üç ay sonra - 26 dekabr 1991-ci ildən tanıyır. Hindistan və Ermənistan arasında diplomatik münasibətlər 31 avqust 1992-ci ildən qurulmuşdur. Ermənistan əsasən müsəlmanların yaşadığı Cammu və Kəşmir məsələsində Hindistanı həmişə dəstəkləyib.

Azərbaycan isə 2020-ci ildə öz tarixi torpaqları olan, 30 il erməni işğalına məruz qalan Qarabağ uğrunda haqq savaşına qalxdı. Ərazi bütövlüyünü bərpa etdi. Tarixi qələbəmizdən sonra bizə dəstək verən dost ölkələrlə yanaşı, qələbəmizi həzm edə bilməyən Hindistan kimi ölkələr də oldu. Hətta Hindistan açıq şəkildə Azərbaycanı Ermənistanın sərhədini pozmaqda ittiham edərək "qüvvələrini dərhal geri çəkməyə, hər hansı gələcək provokasiyanı dayandırmağa" çağırmışdır. Hansı ki, vaxtilə heç Hindistanın yadına düşməyən Ermənistan Vətən müharibəsindən sonra qəflətən Hindistanın "narahatçılığına" səbəb oldu. Hindistan rəsmiləri İrəvana səfərlər etməyə başladılar. Ermənistanı müdafiə edərək, Azərbaycana qarşı siyasi bəyanatlar səsləndirdilər. Bir növ Ermənistanın müdafiəsinə qalxan Hindistan həm də bu ölkəni silahla təmin etməkdən belə çəkinməyib.

Ötən il Dehlinin Ermənistana 260 milyon dollarlıq silah satması gündəmi zəbt etmişdir. Ümumilikdə son 5 ildə Hindistan Ermənistana böyük miqdarda silah-sursat satıb. Lakin Hindistan Ermənistanı təkcə silah satmaqla dəstəkləmir. Eyni zamanda, siyasi-diplomatik cəbhədə də düşmənlərimizlə tərəfdaşlıq edir. Baxmayaraq ki, tarix boyu Azərbaycanın Hindistanla münasibətləri hər zaman yaxşı olub, ancaq hazırkı durumda bu ölkənin Ermənistana sevgisi elə də şəffaflıq təlqin etmir. Ermənistan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Yəni, Dehli Ermənistana silah satmaqla özünü həm də dünyaya silah ixracatçısı kimi təqdim etmək niyyətindədir. Düzdür, Hindistan hazırda dünyada silah sənayesində öncül ölkələrdən olmasa da, ancaq özü dünyada ən çox silah alan ölkələr sırasında yer tutur. Eyni zamanda, özü də silah istehsal edir və bir qismini də satır.

Pakistanla Azərbaycanın dost, qardaş münasibətləri fonunda Hindistan da Ermənistana qahmar çıxıb, özünə müttəfiq görür. Hətta buna Ermənistanın Hindistanda olan ilk səfiri Armen Bayburtyanın çıxışlarında da rast gəlirik. Onun sözlərinə görə, Hindistan Ermənistan üçün dost ölkədir. Hələ bu dostluğun hardan qaynaqlandığı haqqında "tarixi sübutlara" da üz tutub.

1999-2000-ci illərdə iki ölkənin səfirliklərinin açılması münasibətlərə yeni təkan verir və bu bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi, texniki sektorda müşahidə olunur. Rəsmi statistikaya görə, 2020-ci ildə Ermənistan Hindistana 148 milyon dollarlıq məhsul ixrac edib ki, bunun da 147 milyonu tək qızılın payına düşür. Yaxşı, sual olunur, Ermənistan kimi balaca bir dövlət bu qədər qızılı haradan çıxarıb? Aydın məsələdir ki, Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından. Deməli, Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü bərpa etməsi Hindistanın həm də buna görə işinə yaramır. Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni çıxarılan xam materialların və bu materiallardan hazırlanan məhsulların ixrac edildiyi ölkələr, habelə Hindistan da məsuliyyət daşıyır. Əlbəttə ki, Vətən müharibəsindəki qələbəmiz və öz ərazilərimizin işğaldan azad edilməsi Hindistan kimi ölkələrin qeyri-qanuni biznesinin əlindən çıxmasına səbəb olub.

 Əslində, Hindistan bizim hind filmlərindən seyr etdiyimiz kimi cah-calallı, gözqamaşdırıcı bir ölkə deyil. Dünyada əhalisinin sayına görə ikinci yerdə olsa da, aclıq, yoxsulluq və səfalət baxımından öndə gedən ölkələrdəndir.

Tarix boyu ermənilər dünyanın bir çox ərazilərini qaraçı köçü kimi gəzmiş, özlərinə daimi məskən salmaq istəmişdilər. Ola bilsin ki, böyük "arzularını" həyata keçirə bilmədiklərindən köç kampaniyasını davam etdirmişdilər. Əlbəttə ki, Azərbaycan, onun cənnət Qarabağ və qüdrətli İrəvan xanlığının torpaqları ermənilər üçün xəyallarının mərkəzi idi. Elə bu baxımdan da Azərbaycan ərazilərində özlərinə daimi yurd-yuva salaraq, keçmiş qohumlarını, o cümlədən Hindistanı da unutmamışdılar.

Ramidə YAQUBQIZI,

"Respublika".