Hikmət Hacıyev: Ulu Öndərin irsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq
MÜSAHİBƏLƏR

Hikmət Hacıyev: Ulu Öndərin irsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq

Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın inkişafı, dövlətçiliyimizin gücləndirilməsi ilə bilavasitə bağlı idi. Məhz buna görədir ki, Ulu Öndərin irsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev deyib ki, Ulu Öndər fenomeninə yalnız Azərbaycana rəhbərliyi kontekstindən deyil, son 200 il ərzində ölkəmizə qarşı işlənib hazırlanan məkrli planlar çərçivəsindən baxmaq lazımdır. İstər XIX, istərsə də XX əsrdə ölkəmizə qarşı bu plan addım-addım həyata keçirilirdi. Yaşanan tarix xüsusilə XX əsrin əvvəlində bu planın daha ardıcıl və intensiv həyata keçirilməsinin şahididir. Xüsusilə qeyd etməliyik ki, məhz Qarabağ hərəkatı - yəni, Ermənistan, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda - Ulu Öndərin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra və ona qarşı məkrli planların həyata keçirilməsi ilə sinxron olaraq başladı.

Burada məkrli planı həyata keçirənlər ilk baxışda hər şeyi çox yaxşı şəkildə planlaşdırsalar da, onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, Ümummilli Liderin qətiyyəti və Azərbaycan xalqının əzmi idi ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Eyni zamanda, ölkəmizin daxili inkişafının, xarici siyasət strategiyasının asası qoyuldu. Bununla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoydu.

"Dahi liderlər yalnız yaşadıqları dövrlə deyil, özlərindən sonra qoyub getdikləri siyasi irslə yadda qalırlar. Ulu Öndər tərəfindən təməli qoyulan siyasi irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən edilən bir vəsiyyət var idi: Qarabağımızın və işğal altındakı torpaqlarımızın azad olunması. 2020-ci il noyabrın 8-də Azərbaycanın tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev xalqımıza, dünya azərbaycanlılarına müraciətində ata vəsiyyətinin həyata keçirildiyini xüsusi qeyd etdi", - deyə Prezidentin köməkçisi bildirib.

AZƏRTAC