Hikmət Hacıyev: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəli getməsi üçün asanlaşdırıcı tərəflərə ehtiyac var
MÜSAHİBƏLƏR

Hikmət Hacıyev: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəli getməsi üçün asanlaşdırıcı tərəflərə ehtiyac var

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, ilk növbədə, ikitərəfli prosesdir. Bunun da irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, burada asanlaşdırıcı tərəflərə ehtiyac var. Hazırda Avropa İttifaqı, həmçinin Rusiya tərəfindən ikitərəfli əsaslarda müəyyən cəhdlər göstərilir və Azərbaycan bunda maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemləridir. Bunlara da, ilk növbədə, Ermənistan tərəfi cavab verməlidir.

"Dünən Laçın şəhərinin mərkəzinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülməsi, Zabux və Sus kəndlərində Azərbaycan Silahlı Qüvvələrinin yerləşməsi və bu ərazilərin ölkəmizin tam nəzarətinə keçməsi bir daha ona dəlalət edir ki, cənab Prezident nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, siyasi, diplomatik, hərbi imkanlardan və ölkəmizin digər resurslarından istifadə edərək xalqımızı bu hədəflərə çatdırır. Dünən cənab Prezident o tvitlə müharibə dövründə yaşadığımız sevinci hər bir Azərbaycan vətəndaşına bir daha yaşatdı", - deyə Hikmət Hacıyev əlavə edib.

 

Fransa və ABŞ səfirləri Şuşaya səfərdə iştirak etməməklə Azərbaycanın dəvətinə etinasızlıq göstərdilər

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi qeyd edib: "Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

 

Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib

Azərbaycan dünyada ən nadir və ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı bir genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də heç bir səfər edilməyib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə Şuşada jurnalistlərə açıqlamasında danışıb.

O vurğulayıb ki, normalda 30 ildən çox davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, bu münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi. Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik.

 

İşğal dövründə Ermənistan Zabux və Susda genişmiqyaslı qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirib

Şuşada keçirilən beynəlxalq konfransda iştirak edən səfirlər azad olunmuş ərazilərimizdə bu miqyasda dağıntıdan sonra Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycandan təzminatların istənilməsi məsələsi ilə bağlı suallar ünvanladılar. Riyakarlığa baxın ki, Azərbaycana qarşı bu qədər dağıntı törədəndən, bu qədər vəhşilik və vandalizm həyata keçirəndən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya əsasında Azərbaycana qarşı iddialarla çıxış edir. Bu iddiaları irəli sürən dövlət beynəlxalq ictimaiyyət qarşısında utanmalıdır. Hər halda, Azərbaycanın cavabı çoxdur. Həmin konvensiyalar çərçivəsində və digər konvensiyaların imkanları da araşdırılaraq Azərbaycan Ermənistana qarşı iddialar irəli sürür. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı dövlət ittihamı əsaslı müraciəti var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşada jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

İşğal dövründə Zabux və Sus kəndlərində Ermənistan tərəfindən genişmiqyaslı qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyini deyən Prezidentin köməkçisi qeyd edib ki, bu, ermənilərin arzuladıqları formada geniş miqyas almayıb. Çünki onların burada yaşadıqları şərait xaricdən hər hansı erməninin gətirilib orada məskunlaşdırılması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçirilib. Bu, xüsusilə də Laçında, o cümlədən Zabux və Sus kəndlərində müşahidə olunur. "Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə cinayətləri kimi tövsif olunan hallardır. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndlərinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Dövlətimizin başçısı tərəfindən bununla bağlı da müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı, sənədləşdirmə missiyaları həyata keçiriləcək", - deyə H.Hacıyev əlavə edib.

AZƏRTAC