Hikmət Hacıyev:  Bu gün Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır
MÜSAHİBƏLƏR

Hikmət Hacıyev:  Bu gün Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır

20 Yanvar hadisəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. 1990-cı il yanvarın 20-də Sovet qoşunları tərəfindən Bakı şəhərinə "Udar" hərbi əməliyyatı adı altında müdaxilə edilərək Azərbaycan xalqının mübarizlik əzmini sındırmaq məqsədi güdülürdü, lakin bu, tamamilə əks effekt verdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib: "Bu, Azərbaycan xalqının mübarizlik yolunda əzmini artırdı. Bakı şəhərində həyata keçirilmiş qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı. Hadisələrdən dərhal sonra beynəlxalq ictimaiyyətə Bakıdakı qırğınlar haqqında ilk dolğun və həqiqi məlumatı çatdıran ulu öndər Heydər Əliyev oldu. Ulu Öndərin Moskvada Azərbaycan nümayəndəliyində gələrək, hadisələrə qiymət verməsi 20 Yanvar faciəsi ətrafında formalaşdırılmış informasiya blokadasını darmadağın etdi".

Xalqımızın bu gün 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli ruhda qeyd etdiyini söyləyən Prezidentin köməkçisi deyib ki, torpaqlarımız işğaldan azad olunub. Bu gün Azərbaycan xalqı qəhrəman, məğrur, qürurlu xalq olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır.

AZƏRTAC