Hikmət Hacıyev: Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyü prinsipi əsasında Ermənistanla delimitasiya və demarkasiya prosesinin aparılmasına hazırdır
MÜSAHİBƏLƏR

Hikmət Hacıyev: Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyü prinsipi əsasında Ermənistanla delimitasiya və demarkasiya prosesinin aparılmasına hazırdır

Soçi görüşünün nəticələri müsbət qiymətləndirilir. Görüş nəticəsində qəbul edilmiş birgə Bəyanatda xüsusilə nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar məqamı qeyd etmək istərdim. Bu, xüsusilə Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərdir. Bu xüsusda sənəddə qeyd olunur ki, qısa müddət ərzində Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış nəqliyyat məsələləri üzrə işçi qrup çərçivəsində tezliklə görüş keçirilsin. Belə bir görüş də dünən Moskva şəhərində baş tutdu. Bundan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müxtəlif müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib: "Azərbaycan dəfələrlə bəyan edib ki, biz Ermənistanla Azərbaycan arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında sərhədlərimizin delimitasiyası və demarkasiyası prosesinin aparılmasına hazırıq. Burada, ilk növbədə, Ermənistan özü reallığı dərk etməli və başa düşməlidir. Ermənistan işğal siyasətinə görə 30 il ərzində sərhəd fəlsəfəsini və ideyasını başa düşməmək vəziyyətində olub. Belə ki, Azərbaycanın işğal olunmuş əraziləri əsnasında onlar üçün sərhəd sanki təmas xəttindən başlayırdı. Bu da işğalçılıq siyasətinin nəticəsi idi".

Bu gün yeni reallığın olduğunu deyən Prezidentin köməkçisi qeyd edib ki, indi Azərbaycanın sərhədləri var - Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində ölkəmizin sərhədləri təsbit olunub. Artıq Ermənistan bu sərhədlərə hörmət etməlidir.

Hikmət Hacıyev, həmçinin vurğulayıb ki, Soçi görüşündə qəbul olunmuş Bəyanatdan və aparılmış intensiv müzakirələrdən çıxış edərək digər məsələlərin də irəli aparılması üçün təmaslar davam etdirilir.

AZƏRTAC