Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans
Elm və təhsil

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

Gəncədə "Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun yaranmasının 90 illiyinə və akademik Firuz Məlikovun anadan olmasının 120 illiyinə həsr olunmuş konfransda heyvandarlıq sahəsində aparılan elmi-tədqiqatlar, heyvanların cins damazlıq tərkibinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə, innovativ yanaşmalar və digər mövzularda müzakirələr aparılıb.

Konfransda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hazırkı dövrdə hər bir ölkənin davamlı iqtisadi yüksəlişinin təmin edilməsi, ilk növbədə həmin ölkədə elmin müasir tələblərə uyğun inkişaf etdirilməsini zəruri edir. İqtisadiyyatın innovasiyalara əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi elmin, xüsusilə elmi-tədqiqat işlərinin inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan elmi müəssisələr bilik iqtisadiyyatına keçidin və inkişafın hərəkətverici qüvvəsi rolunda çıxış edir. Elmi nailiyyətlərin geniş istifadə olunduğu aqrar sahənin inkişafı üçün ölkəmizdə dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.

Bildirilib ki, 90 illiyi qeyd olunan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycanda heyvandarlığın inkişafına öz elmi tədqiqat işləri ilə böyük töhfələr verib. İnstitutda yerli genofondların qorunması, heyvan növü və cinsləri üzrə damazlıq özəklərinin yaradılması, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins heyvanlar yetişdirmək istiqamətində davamlı tədqiqatlar aparılıb. Lakin günün reallıqları heyvandarlıq sahəsində aparılan tədqiqatlara baxışın dəyişməsini tələb edir. Tədqiqat işləri dövrün çağırışları ilə ayaqlaşmalı, daha çox praktik əhəmiyyət daşımalıdır.

Qeyd olunub ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu seleksiya-damazlıq işlərinin təşkili, müasir innovativ texnologiyaların tətbiqi, qidalıq dəyəri olan yem bitkilərindən istifadə və düzgün yemləmənin təşkili istiqamətində tədqiqatları genişləndirməlidir. Xüsusilə də institutdan biotexnologiyaların tətbiqi, gen mühəndisliyi, yetişdirmə sahəsində müasir çağırışlara uyğun iş quruculuğu sahəsində işlər aparılmalıdır. Bu hədəflərə nail olmaq üçün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki təchizatı tam yenilənib, müasir avadanlıqlar alınıb, ən müasir laboratoriyalar qurulub. İnstitutun kollektivi bu imkanlardan yararlanaraq günün tələblərinə uyğun tədqiqat işləri aparırlar.

Konfransda çıxış edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, heyvandarlıq kənd təsərrüfatının əsas sahələrindən biri kimi ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Dövlət dəstəyi tədbirləri bu sahənin inkişafına müsbət təsir edir. Heyvandarlıq sahəsində praktiki təcrübələrlə yanaşı elmi tədqiqatlarda vacib əhəmiyyət daşıyır. Elmi-tədqiqat müəssisələri öz fəaliyyətlərini günün çağırışlarına uyğun qurmaqla bu sahənin daha da inkişafına öz töhfələrini verməlidirlər.

Sonra çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, İnstitutun formalaşmasında böyük zəhməti olmuş akademik Firuz Məlikovun ailəsi adından nəvəsi Şirin Məlikova, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Qars Qafqaz Universitetinin rektor müavini Engin Kılıç, Knyaginya Universitetinin Mühəndislik İnstitutunun direktoru Yevgeniy Voronov, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə Ofisinin sədri Sabrina Denuncq Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə fikirlərini bölüşüb, kollektivi yubiley münasibətilə təbrik ediblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib.

Daha sonra institutun əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Tədbir çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalara, təcrübə fermalarına, yaşıl yem kütləsi istehsal edən konteynerlərə baxış keçirilib. Qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə təsərrüfatında baytarlıq fakültəsinin tələbələri ilə görüşüb, təcrübi dərslərin gedişini izləyiblər.

Konfrans işini panel sessiyalarda davam etdirir. Panel sessiyalarda Türkiyə, Rusiya, İran və Belarusun 20-yə yaxın heyvandarlıq üzrə tanınmış aliminin çıxışı nəzərdə tutulur. Tədbir iştirakçıları heyvandarlıqda embrion transferi, yem taxılının gigiyenikləşdirilməsi, simsiz zondlama sisteminin heyvandarlıqda potensial istifadəsi və digər mövzularda müzakirələr aparacaqlar.

Konfrans işini sabah başa çatdıracaq.

AZƏRTAC