Heydər Əliyev və iqtisadi islahatlar
Siyasət

Heydər Əliyev və iqtisadi islahatlar

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələr deyəndə, ilk xatırlanan məhz bu kəlamdır.

1993-cü ildə müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlər məngənəsində boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik nəticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, qorunub saxlanılması ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə - Heydər Əliyev sayəsində mümkün idi.

1969-cu ildən etibarən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının xalqın gələcək inkişafına, rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Məhz iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycanın dünya ölkələri sırasında yer almasına səbəb olub.

Dahi siyasətçinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan SSRİ-də qabaqcıl yerlərdən birini tutub. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırma, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranıb. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılıb. Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmçinin, 1970-ci ildən Azərbaycanda neft sənayesi inkişaf etdirilməklə "qara qızıl"ın Azərbaycan xalqına xidmət edən sahəyə çevrilməsinin əsası qoyulub.

Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Həmin dövrdə ölkə iqtisadiyyatının inkişaf tarixinə nəzər salanda məhz Heydər Əliyevin səyləri ilə 1975-ci ildə Bakı Məişət Kondisionerləri Zavodunun tikilərək istifadəyə verilməsini xüsusi qeyd etmək lazımdır. SSRİ-də yeganə olan bu zavod çox qısa vaxtda tikilmiş və tezliklə öz fəaliyyəti ilə ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutmuşdur. Zavod fəaliyyətə başlayandan sonra dəfələrlə burada olan ulu öndər hər zaman bu müəssisə barəsində xoş sözlər söyləmişdir.

1993-cü il sentyabrın 28-də Bakı Məişət Kondisionerləri Zavodunda keçirilən mitinqində çıxışı zamanı Heydər Əliyev demişdir: "Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar - bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm".

Məhz ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft amili onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.

Müstəqil Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

1995-ci ildən etibarən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində Ümumi Daxili Məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunub.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.

Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasət nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.

 İsrafil KƏRİMOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

"Qızıl qələm" mükafatı laureatı.