Digər xəbərlər

"Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi" mövzusunda konfrans

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycanın Milli Təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.

Konfransı açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov ulu öndərin Azərbaycanın milli təhlükəsizliyinin təmini istiqamətindəki tarixi xidmətlərinə diqqət çəkib. Qeyd edib ki, ümummilli lider dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, milli təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması, milli ideyaların daşıyıcısı olan ziyalıların sovet repressiyasından qorunması istiqamətində də mühüm addımlar atıb.

Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov Heydər Əliyevin ölkə həyatının bütün sahələrində olduğu kimi, milli təhlükəsizlik sahəsində də böyük işlər həyata keçirdiyini vurğulayıb.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən polkovnik-leytenant Elşad Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvü Elşad Həsənov, hüquqşünas Şəmsəddin Əliyev çıxış edərək ulu öndərin milli təhlükəsizlik sahəsindəki xidmətlərindən danışıblar.

Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edib. O, Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb. Ulu öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlıya örnək olduğunu qeyd edən Fatma Səttarova Heydər Əliyev irsinin bundan sonra da sevə-sevə tədqiq edilərək öyrəniləcəyini bildirib.

Mehparə ƏLİYEVA,

"Respublika".