Heydər Əliyev siyasətinin təntənəsi
Siyasət

Heydər Əliyev siyasətinin təntənəsi

Dövlət başçısı cənab İlham Əliyev ona göstərilən etimadı doğruldur

Dövlətin müstəqil olması onun daxili və xarici siyasətini işləyib hazırlamağa və həyata keçirməyə imkan verən real suverenliyi ilə müəyyən edilir. Bu suverenliyin olmadığı təqdirdə ölkə məhdud müstəqilliyin mövcudluğu ilə kifayətlənir və belə olan halda müstəqil siyasət aparmaq, ölkə daxilində və onun ətrafındakı nizamın formalaşmasına təsir göstərmək qabiliyyətində olmur.

Milli suverenliyin möhkəmlənməsinin mühüm və əvəzolunmaz vasitəsi, şübhəsiz effektiv iqtisadiyyatdır. Çünki məhz effektiv iqtisadiyyat siyasi, sosial, mədəni-humanitar problemlərin həlli üçün universal açar rolunu oynayır. Bu fikir dünya tarixində çoxsaylı misallarla dəfələrlə sübut olunmuşdur.

Azərbaycan Respublikasının hakimiyyət sükanı arxasında dahi Heydər Əliyevin olduğu 1993-2003-cü illərdə tarixi dönüş nöqteyi-nəzərindən əhəmiyyətli hadisələr baş vermişdi. Məhz bu dövrdə iqtisadi zəmində böyük dəyişikliklərin təməli qoyulmuş və inkişafın yeni cücərtiləri müşahidə edilməyə başlamışdı.

Qarabağ cəbhəsində erməni silahlı qüvvələri ilə atəşkəsin əldə olunması ölkəmiz üçün həmin dövrdə ən mühüm hadisə idi. Bu, 1994-cü ilin may ayında baş vermişdi. O zaman dərin sosial-iqtisadi böhranla yanaşı, davam edən erməni işğalçılığı onsuz da yarımdağılmış Azərbaycan iqtisadiyyatının olan-qalan resurslarını da müdafiə ehtiyaclarının ödənilməsinə yönəltməyi zəruri etmişdi.

Ulu öndər Heydər Əliyevin siyasi məharəti təkcə atəşkəs rejiminin əldə olunmasını deyil, həm də milli dirçəliş proqramının həyata keçirilməsi üçün son dərəcə mühüm daxili qüvvələrin və potensialın yenidən qruplaşmasını mümkün etdi. Liberal iqtisadiyyatın qurulması, istehsal bazasının bərpası, ixracın artırılması reallaşdırılmadan həyatın yaxşılaşdırılması və milli inkişafla bağlı bütün istək və niyyətlər isə xam xəyala çevrilə bilərdi.

Ermənistanla atəşkəs haqqında razılaşmanın imzalandığı gündən dörd ay keçməmiş Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olan "Əsrin müqaviləsi"nin imzalanması üçün Bakıya dünyanın ən iri neft-qaz korporasiyalarının nümayəndələri toplaşdı. Ümummilli liderin siyasi uzaqgörənliyi milli reallıqların yenidən formalaşdırılması üçün bazanın yaradılmasını mümkün etdi və əsas hədəf Xəzər dənizinin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının çıxarılması və ixracı sahəsində beynəlxalq əməkdaşlığın qurulması idi.

Beləliklə, ulu öndərin enerji strategiyası ölkəmizin taleyində tarixi dönüş konturlarını müəyyən etdi, Azərbaycanı beynəlxalq iqtisadi birliyə aparan yolda yaşıl işıq yandırıldı.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 19 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində "Mən ona özüm qədər inanıram" sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.

Respublikamızda keçirilən seçkilərdə Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirib, 1993-cü ildən başlayaraq bu günə qədər keçirilən seçkilərdə də ulu öndərin siyasətinə səs verib. 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərkən Heydər Əliyev yoluna səs verirdi. 2008, 2013 və 2018-ci illərdə isə xalq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görərək öz taleyini bir daha ona etibar etdi və bu uğurların da əsasında yenə Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığı şübhəsizdir. Cənab İlham Əliyev 2013-cü ildə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyirdi: "Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir".

2018-ci ilin aprel ayında Prezident cənab İlham Əliyev xalqımızın bir daha yüksək etimadını və inamını qazanaraq dövlət başçısı seçildi. Artıq hər prezident seçkiləri ərəfəsində, özünün xalqla təmaslarında, çıxışlarında söyləmiş olduğu fikirlər, həm də andiçmə mərasimində önə çəkmiş olduğu problemlər ətrafında görünən bu idi ki, Prezident yeni bir Azərbaycan uğrunda əhəmiyyətli mərhələyə qədəm qoymaq niyyətindədir.

Dövlət başçısı seçkilərdən dərhal sonra ciddi xarakter daşıyan və cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatlar həyata keçirməyə başladı. Gənc, yüksək təhsilə malik olan, vətənpərvər, korrupsiya və rüşvətxorluqdan uzaq olan şəxslər yüksək vəzifəyə gətirildi, hökumət yenidən formalaşdırıldı. Eyni zamanda, Prezident Administrasiyasında ciddi struktur dəyişikliyi həyata keçirildi. Davam edən iqtisadi, sosial, siyasi və hüquqi islahatlar daha da dərinləşdirildi.

Dövlətin xarici siyasətinə birbaşa təsir edən mühüm amillərdən biri, bəlkə də elə birincisi dövlət rəhbərinin beynəlxalq nüfuzudur. Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, istər ən yüksək kürsülərdə çıxışları zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi faktlarla çözməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə, hər dövlətə göndərilən mesajların, ittihamların "öz dili və üslubu" ilə ötürülməsi, paralel olaraq xalqın nəbzini tutaraq sadə xalqa rəvan formada müraciətləri fonunda formalaşıb.

Dövlət rəhbərinin təmsil olunduğu partiyanın ideoloji siyasəti dövlətin daxili və xarici siyasətinə də müsbət təsir göstərir. Bu baxımdan da Prezident Əliyevin sədri olduğu hakim Yeni Azərbaycan Partiyasının qarşısında qoyduğu tələblər, qaldırdığı aktual məsələlər zamanın sürətlə dəyişən reallıqları ilə dəyişməyə, yenilənməyə, bu dəyişikliklərə çevik cavab verməyə istiqamətlənib.

Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi isə davam edir.

Zümrüd QURBANQIZI,

"Respublika".