Heydər Əliyev irsinin öyrənilməsi  mövzusunda dərslər
Sosial həyat

Heydər Əliyev irsinin öyrənilməsi  mövzusunda dərslər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən  ibarətdir.

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının lektoriya zalı və Binəqədi rayonu üzrə digər mərkəzlərdə təşkil olunan ilk dərslərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri Sadiq Qurbanov, Kəmaləddin Qafarov, Əvəz Ələkbərli, Əliabbas Salahzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş sözü ilə çıxış edib. V.İsmayılov ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “Heydər Əliyev irsinin öyrənilməsi” dərslərinin mahiyyəti və məqsədi barədə danışıb. M.Vəliyeva dahi liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında baş verən köklü dəyişiklikləri nəzərə çatdırıb.

                                                                                                  Əli SADIQOV,

                                                                                                                                                                                                                                               “Respublika”.