Ekologiya

"Heydər Əliyev İli"ndə ağacəkmə aksiyası

Qazax

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər davam etdirilir. ADA Universiteti Qazax Mərkəzi, Heydər Əliyev Fondu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Sağlam gələcəyimiz üçün ağac əkin!" devizi altında ağacəkmə aksiyası keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Universitetinin rektoru Hafiz Paşayev, universitetin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Vətən müharibəsi iştirakçısı, "Şöhrət" ordenli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, ADA və Bakı Dövlət universitetlərinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, gənc könüllülər və KİV nümayəndələri iştirak ediblər.

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 4,5 ha torpaq sahəsində həyata keçirilən aksiya zamanı 1250 ədəd Eldar şamı, 1250 ədəd sərv, 500 ədəd tuya, 500 ədəd çinar, 250 ədəd ərik, 250 ədəd badam olmaqla, ümumilikdə 4 min ədəd ağac əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla yerinə yetirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Vəli VƏLİYEV,

"Respublika".

Lənkəran

Xalqımızın ümummilli lideri, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Lənkəran rayonunun şəhər, qəsəbə və kəndlərində ağacəkmə kampaniyası keçirilir.

Bu günlərdə Lənkəran şəhərinin Heydər Əliyev prospektində təşkil olunmuş ağacəkmə aksiyasında şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində 500 ədəd sərv ağacı əkilib. Təzə əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib. Həmin gün rayonun əksər qəsəbə və kəndlərində ağacəkmə aksiyaları keçirilib.

Masallı

Masallı rayonunun təhsil müəssisələri ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən "Yaşıl məktəb" layihəsinə fəal şəkildə qoşulublar. Aksiya çərçivəsində rayonunun ümumtəhsil, orta ixtisas və məktəbəqədər təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma tədbirləri aparılır. Təhsil ocaqlarının ərazisində 500-dən artıq meyvə və şam ağacları əkilib.

Aksiyanın keçirilməsində məqsəd həm də şagirdlərə təbiətə məhəbbət və qayğı hisslərini aşılamaq, onların diqqətini ətraf mühitin, ekoloji tarazlığın qorunmasına və ekoloji mədəniyyətin inkişafına yönəltməkdən ibarətdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".