Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi
Sosial həyat

Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi

Çinin Yünnan vilayətinin ucqar Malipo qəsəbəsində çoxları Azərbaycanı yaxşı tanıyır. Bu da təsadüfi deyil. Çünki Malipodakı 2 nömrəli ibtidai məktəbdə Azərbaycanı xatırladan və tanıdan nişanə var.

Malipo Çinin cənubunda, Vyetnamla sərhəddə yerləşir. 300 minə yaxın əhalisi olan bu qəsəbə dağların və hər tərəfdən yamyaşıl meşələrin əhatəsindədir. Çin Hökuməti ölkənin bu cür ucqar yaşayış məntəqələrində yoxsulluğun azaldılması proqramı çərçivəsində təhsil ocaqlarının inşası və yenidənqurulması ilə bağlı bir çox layihələr həyata keçirir. Bu cür təhsil ocaqlarından biri də ölkənin ən kasıb yaşayış məntəqələrindən olan Malipodakı 2 nömrəli ibtidai məktəbdir. Məktəb 1984-cü ildən fəaliyyət göstərir. 1700-ə yaxın şagirdin təhsil aldığı məktəbin idman meydançasının yenidən qurulmasına ciddi ehtiyac yaranmışdı.

Fəaliyyətində uşaqların təhsilli və sağlam böyüməsini hər zaman diqqətdə saxlayan Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir sıra humanitar layihələrin gerçəkləşməsinə dəstək verir. Malipodakı məktəbin idman meydançasının yenidən qurulması da məhz belə layihələrdəndir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu Malipodakı 2 nömrəli məktəbin idman meydançasının yenidən qurulması layihəsinə dəstək göstərib. Layihə çərçivəsində yenidən qurulan stadion futbol, açıq və qapalı basketbol meydançalarından, qaçış zolağından ibarətdir. Rəmzi olaraq "Azərbaycan-Çin dostluq stadionu" adlandırılan bu stadionda uşaqların idmanla məşğul olması üçün zəruri şərait yaradılıb.

Məktəbin müəllimi Yü Siaoyü AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, stadion çox yaxşı inşa edilib və rahatdır. Bizim şagirdlərimiz idman dərslərini bu meydanda keçməklə yanaşı, müxtəlif oyunlar da oynayırlar. Bu da öz növbəsində uşaqların sağlam böyüməsinə müsbət təsir edir. Bu, həm də iki ölkə arasında dostluğun təzahürüdür.

Qeyd edək ki, bu, Heydər Əliyev Fondunun Çində həyata keçirilən humanitar layihələrə ilk dəstəyi deyil. Fond Çinin ucqar bölgələrində yoxsulluğun azaldılması proqramına dəstək məqsədilə Pekində təşkil olunan "Sevgi sərhəd tanımır" xeyriyyə yarmarkasında Azərbaycan tərəfdən fəal iştirak edir.

Fond Çində Azərbaycan mədəniyyətinin təbliğində də fəallıq göstərir. Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlər təşkil edilir, gənclər arasında qarşılıqlı mübadilə proqramları həyata keçirilir. Bundan başqa, Fond Pekin Xarici Dillər Universitetində "Nəsimi İli" çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisinin, Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində Azərbaycan Mədəniyyəti Gününün və "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" tədbirinin keçirilməsinə, Çində təşkil edilən bir sıra festivallarda Azərbaycanın iştirakına dəstək verib. Bu yaxınlarda Benbu şəhərində keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının əsas təşkilatçılarından biri də Heydər Əliyev Fondu olub. Benbu şəhərindəki "Qədim məskənlər" mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan "Azərbaycan mədəniyyətinə pəncərə" adlı pavilyon fəaliyyətə başlayıb.

AZƏRTAC