Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb
Sosial həyat

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu-2022"də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər. Qeydiyyatdan keçənlər arasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olublar.

Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olub. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafonda iştirakçılar Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı, Qız qalası, Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı marşrutu üzrə yürüş ediblər.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. "Bakı Marafonu-2022"də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak ediblər. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib. Üçüncü start isə ümumi iştirakçılar üçün olub.

Marafonun qalibləri iki kateqoriya üzrə seçilib. Kişilər arasında rusiyalı Rinas Axmadeyev birinci olub. Türkiyə təmsilçisi Ömər Alkan yarışı ikinci, çexiyalı Vladimir Marçik üçüncü pillədə başa vurublar.

Qadınların mübarizəsində Ukrayna atleti Valentina Veretskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dilek Öztürk və Valentina Poltavskaya (Ukrayna) ilk üçlükdə yer alıblar.

Marafonun qalibinə 3000, ikinci yeri tutan iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat məbləğində pul mükafatlar verilib. Mükafatçılar, həmçinin medal və sertifikatlarla təltif ediliblər. Finiş xəttini keçən ilk 1000 iştirakçı isə "Bakı Marafonu-2022"nin xüsusi medalları ilə təltif olunub. "Bakı Marafonu-2022"də yeni nominasiyalar - qadın və kişilər arasında 5 yaş kateqoriyası (18-29, 30-39, 40-49, 50-59, 60+) üzrə qaliblər seçilib.

Bundan əlavə, qadın və kişi kateqoriyaları üzrə tələbələr arasında finiş xəttini ilk keçən "Gənc ol" (Azercell), eləcə də "finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "finiş xəttini ilk keçən korporativ iştirakçı", "ən kreativ kostyum" nominasiyalarında da mükafatlar təqdim olunub. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar verilib.

"Bakı Marafonu-2022"nin eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə təşkil olunub. Layihənin icrası Sport Marketing Group (SMG) şirkəti, sponsoru isə "Baltika 0" şirkətidir.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilib.

Qeyd edək ki, bu cür marafonlar indiyədək Barselona, Berlin, Boston, Çikaqo, İstanbul, London, Nyu-York, Paris və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımarafonun məsafəsi isə 21 kilometrdir. Layihə Azərbaycanda region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci ildə Gəncə şəhərində də yarımarafon təşkil olunmuşdu.

AZƏRTAC