Heydər Əliyev adına Hərbi İnstitut
Siyasət

Heydər Əliyev adına Hərbi İnstitut

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olan “Heydər Əliyev adına Hərbi İnstitut” haqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Qafqazın və Orta Asiyanın müsəlman xalqları Çar Rusiyası dövründə orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər.

1918-ci il fevral ayının 6-da bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına general-leytenant Əliağa Şıxlinskinin məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır.

Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmışdır. 1920-ci il may ayının 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırıldı. 1923-cü ildə Əliağa Şıxlinski, 1924-cü ildə isə Səməd bəy Mehmandarov bu məktəbdə müəllim işləməyə cəlb edildilər. 1930-cu ilin noyabr ayında Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi yenidən formalaşdırılaraq Bakı Piyada Məktəbi adlandırıldı.

1954-cü ilin mart ayında bu hərbi məktəb Bakı Hərbi Məktəbi adlandırılmışdır. 1958-ci ildə tədris prosesinin yüksəldilməsi məqsədilə məktəbdə yenidən təşkilatlanma işləri həyata keçirilmiş və Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandırılmışdır. 1992-ci ilin may ayında Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi Azərbaycan Respublikasının hüquqi tabeliyinə keçirilmişdir. Yeni yaranmış müstəqil respublikanın Silahlı Qüvvələri və digər qoşun növlərinin müxtəlif ali hərbi ixtisaslı zabit kadrları ilə komplektləşdirilməsi zərurəti yarandığı üçün məktəb Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırılmışdır. 1996-cı ildə Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış protokola əsasən, Türkiyə Silahlı Qüvvələri zabitlərinin köməkliyi ilə məktəbdə müasir standartlara uyğun tədris sisteminə keçid üçün müvafiq işlər aparıldı. Bununla əlaqədar, 1997-ci ildən başlayaraq keçmiş Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində hər il yeni kursant taboru yaradılmış və 4 kursant taborunun formalaşdırılması üzrə işlər 2000-ci ildə sona çatdırılmışdır. 2001-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanına əsasən fəaliyyət göstərən hərbi məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb ümummilli lider Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2022-ci il tarixli fərmanı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılıb. Qərara əsasən əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində davam etdirir. Həmçinin Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərir. Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir.

“Respublika”.