Həyatla ölüm arasında
Region

Həyatla ölüm arasında

Şanlı Qələbənin qazanılmasında əsgərindən tutmuş generalına kimi döyüş meydanında igidlik və şücaət göstərən oğullar Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək xalqımızın şərəf və ləyaqətini yüksəklərə qaldırıblar.Vətənin güvəndiyi, dar gündə haraya çağırdığı oğullardan biri də Hikmət Səfərovdur.

Hikmət 1972-ci il iyul ayının 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub, uşaqlığı, yeniyetməliyi bağlı-bağatlı doğma kəndində bir nağıl kimi keçib. Hərbçi olmaq arzusu onu ordu sıralarına gətirib. Xidmət illərində nümunəvi davranışı, səmimi münasibəti,düzgün qərar qəbul etmək vərdişi Hikmətin həyat yoluna həmişə işıq salıb, ona uğurlar qazandırıb. Hərbidən ehtiyata buraxılmışdı. Vətən müharibəsi başlayan gün hərbi səfərbərliyə çağrılan Hikmət şiddətli döyüşlərə atılıb. Azərbaycan ordusunun baş leytenantı Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və cəsarət nümayiş etdirib. Düşmənin aramsız atəşinə baxmayaraq baş leytenant ona tapşırılan döyüş tapşırığını layiqincə yerinə yetirib.

Oktyabrın 10-u Hikmətin son döyüşü olub, baş leytenant çox ağır yaralanıb. Onu birbaşa Bakı şəhərindəki hərbi hospitala göndəriblər. Hospitalda həkimlər ölümün pəncəsində olan Hikmətin həyatını xilas etmək üçün sözün əsl mənasında, mücadiləyə başlayıblar. Fiziki və mənəvi cəhətdən güclü olan baş leytenant 55 gün komada qalıb. Düz 55 gün Hikmət doğmalarının və əzizlərinin həyəcanından, göz yaşlarından xəbərsiz həyatla ölüm arasında mücadilə aparıb, ölümə qarşı savaşıb. 2020-ci il dekabrın 8-də Azərbaycan Ordusunun baş leytenantı Hikmət Səfərov şəhid olub. Ölüm sevinməsin, qoy, belə cəsur oğulların cərgəsini azalda bilməyəcək, çünki, biz bir ölüb, min dirilirik. Qəhrəman döyüşçü Hikmət Səfərov Bakı şəhərində ikinci Şəhidlər Xiyabanında dəfn edilib. İki oğlu yadigar qalıb.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə baş leytenant Hikmət Səfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın  azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu günlərdə, Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində şəhid Hikmət Səfərovun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Abidə kompleksin önünə gül-çiçək dəstələri düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.Mərasimdə şəhid ailələri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nin aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində göstərdiyi qəhrəmanlıqdan, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın  azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan ətraflı bəhs olunub.Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medallar təqdim edilib. Tədbir məktəblilərin ədəbi-bədii kompozisiyası ilə başa çatıb.

Qəhrəmanlığınız, şəhidliyiniz, şanlı Qələbəniz qarşısında baş əyirik. İllər keçsə də əziz xatirəniz qəlblərdə yaşayacaq, ucaltdığınız üçrəngli bayrağımızla birlikdə həmişə zirvələrdə olacaqsınız, əziz şəhidlər!

Salman ALIOĞLU,

“Respublika”.