Həyatını xalqına həsr etmiş insan
Siyasət

Həyatını xalqına həsr etmiş insan

Dünyaşöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi təkcə bizim deyil, bütün türk dünyasının diqqət mərkəzində olub böyük iftixar hissi ilə qeyd edilir. Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir.

Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Bu böyük insanın bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir. Onun keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.

Həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr etmiş ulu öndər Heydər Əliyev xalqının bu tükənməz sevgisini özünün cahanşümul əməlləri ilə qazanaraq, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. Bu nadir düha milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Belə bir fövqəladə missiyanı müvəffəqiyyətlə həyata keçirmiş tarixi şəxsiyyət kimi Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimidir.

İllər ötdükcə Heydər Əliyev dühasının əzəməti, onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biridir.

Ulu öndər Vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Elə buna görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi. Onun milli qürur, fəxr-fəxarət ünvanına çevrildi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş İttifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. Ümummilli lider beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Dahi rəhbərimiz təkcə güclü təşkilatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim, mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır" deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Dahi lider Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Onun formalaşdırdığı və həyata keçirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, dünya azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə, həmrəylik nümayiş etdirməsinə səbəb olmuşdur.

Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetisməsi üçün gəlmisdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmusdur. Qısa zaman kəsiyində ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadi və siyasi nüfuz qazandırmısdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmısdır: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalısdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng isləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız demokratiya və azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ideyasının təməl prinsiplərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin sivil şəkildə tənzimlənməsinə, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsinə mükəmməl mexanizmlər yaratmışdır. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən Konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi isə adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq-azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoyubdur ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanıb, bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edibdir. Müasir Azərbaycanın qurucusu, yaradıcısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz ümummilli lider, dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı həyata keçirilən səmərəli, məqsədyönlü daxili siyasətin və müstəqil xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Ulu öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaq, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaq, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaq!

Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.

Xalqımızın öz ümummilli liderinə olan böyük məhəbbətinin bir əsas səbəbi də odur ki, özündən sonra bu xalq, dövlət üçün çox qiymətli bir varis qoyub. Ulu öndər deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir. Doğma vətənimiz Azərbaycan başdan-başa yenidən qurulur. Paytaxt Bakı ilə bərabər, bölgələr də sürətlə abadlaşır, dəyişib gözəlləşir.

Bu gün çox qürur duyuruq ki, ulu öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndər həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olub və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri illərdir ki, layiqincə dünyada təbliğ edir. Fond Heydər Əliyev irsinin yaşadığını, ulu öndərin mənən əbədiliyini nəcib əməllərlə göstərir. Bu fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun səyləri, Heydər Əliyev şəxsiyyətinə olan böyük sevgisi sayəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır. Dar günündə çəkinmədən ora müraciət edir. Bu fonddan yardım istəyir, ordan mədət umur. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla digər sosial layihələr icra olunur. Beləliklə, Heydər Əliyevin bəşəri ideyaları bütün dünyada yayılır.

Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyır və daşıyacaqdır.

Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini 2020-ci il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: "Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada-Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq! Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları Bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Xüsusilə qeyd edilməlidir ki, qələbəmizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti oldu. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə həmişə bir-birinin yanında olublar. Bu fakt bir daha ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının əyani göstəricisidir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsırmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Qərb torpaqlarına qovuşması, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işgaldan azad olunması, ulu öndər Heydər Əliyevin "Azərbaycan üzükdür, Şuşa onun qaşı" sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.

"Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Prezident İlham Əliyevin noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.

Bu gün, bu böyük şəxsiyyətin qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir. Odur ki, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var - demək Heydər Əliyev də tarixdə qalacaqdır.

Ötən 20 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. Azərbaycanın qədim yerlərindən biri də Qərbi Azərbaycan, indiki Ermənistan deyilən torpaqdır. 1918-ci ilə qədər bu torpaqlarda türklər yaşamış, yurd-yuva, ev-eşik tikmiş, dövlət qurumları formalaşdırmışlar. Həm 1590-cı il İrəvan bəylərbəyliyinin icmal dəftərində, həm də 1727-ci ildə Osmanlı dövlətinin tərtib etdiyi İrəvan əyalətinin icmal dəftərində orada olan yer adları, yaşayış məntəqələri, yaşayan adamların sayı açıq-aydın göstərilmişdir. Digər tarixi sənədlər də indiki Ermənistan ərazisinin tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut edir.

"Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımıza məxsus tarixi, dini abidələrimizi dağıdan ermənilərin yalanlarını ifşa edən sənədlər, xəritələr bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu təsdiqləyir. Həmin xəritələrdəki Azərbaycan mənşəli adlar da göstərir ki, xalqımız əsrlər boyu bu torpaqlarda yaşamış, dəfələrlə erməni xəyanətlərinin qurbanı olsalar da el-obalarına sahib çıxmışlar". Ölkə başçısının qeyd etdiyi bu məqam həqiqətdir. Həm Qərbi Azərbaycanın parça-parça Azərbaycandan necə qoparılması, həm də bu torpaqların əsl sahiblərinin müxtəlif vaxtlarda məcburi şəkildə torpaqlarından didərgin salınması xəritələr və sənədlərdə öz əksini tapıb.

Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar. Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq rus imperiyası tərəfindən ora köçürülən ermənilər XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün rus imperiyasının əli ilə özlərinin məkrli niyyətlərini həyata keçirmişlər. Belə ki, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında məskunlaşmışlar. Ermənilərin Azərbaycan türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsl qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb, tarixi həqiqətləri üzə çıxarmaq üçün ulu öndər Heydər Əliyev "1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci ildə fərman vermişdir. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən dünyaşöhrətli siyasətçi Heydər Əliyev demişdir: "Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar".

Xüsusilə qeyd olunmalıdır ki, XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verir, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Ağalı kəndinin timsalında tarixinə, sərvətlərinə sahib çıxan Azərbaycan xalqının eyni cəsarəti Qərbi Azərbaycanda da təsdiqləyəcəyini daşnaklara bildirdi. "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük… Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq" söyləyən Prezident İlham Əliyev əminliklə bildirir ki, 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız kimi, Qərbi Azərbaycandakı ərazilərimizi də hərbi gücümüz, siyasi, iqtisadi qüdrətimizlə azad edəcək, əsl sahiblərinə qaytaracağıq. Dövlət başçımızın qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq.

Bu ümidlər Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə doğruldu. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldakı torpaqları azad etməklə milli qürurunu bərpa etdi. Ordumuz müharibədə Ermənistanı diz çökdürməklə əslində dünya erməniliyini məğlubiyyətə uğratdı. Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan xalqının Ermənistana verdiyi tarixi dərs daha ağır oldu. Vətən müharibəsindən sonra işğaldakı ərazilərimizin azad edilməsi ilə ermənilərin bu torpaqlarda necə böyük vəhşiliklər törətdiyi üzə çıxdı. Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik.

Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə və xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün böyük örnəkdir. Tarixi belə nadir şəxsiyyətlər yaradır və onlar heç vaxt unudulmur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fikrincə desək: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

Aydın QASIMOV,

hüquq elmləri doktoru, professor.