Həyat öz axarına düşüb
Region

Həyat öz axarına düşüb

Ötən ilin payızında bu yerlərdə mərmi və güllə səsləri həyatın axarını pozmuşdu. Gecələr atəş səsləri kəsilmir, səhərlər isə mərmilərin partlaması ilə açılırdı. Azərbaycanın şanlı ordusu torpaqlarımızı otuz ilə yaxın işğalda saxlayan Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr vururdu, igid oğulların hünəri sayəsində torpaqlarımız işğalçılardan azad olunurdu.

Vətən müharibəsində ən çox ziyan çəkən rayonlardan biri də Füzulidir.  Erməni caniləri işğal müddətində Füzulini dağıdaraq bu qədim və gözəl şəhəri xarabalığa çeviriblər. Ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları zamanı erməni ordusuna və onların muzdlularına ağır və sarsıdıcı zərbələr vuruldu.

Döyüş meydanında  uduzan düşmən ən alçaq vəhşilik törətdi,  cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutdu. Münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarda mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçən düşmən insanlıq əleyhinə cinayətlər törətdi. Dinc insanlar vəhşicəsinə qətlə yetirildi,  fərdi yaşayış evlərinə,  sosial və iaşə tikililərinə zərər vuruldu.

Vətən müharibəsi başa çatmamış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən,  dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə dövlət komissiyası yaradıldı.  Komissiya tərəfindən on bir şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikililərə baxış keçirildi,  qiymətləndirmə aparıldı.  

Yaşayış evləri,  sahibkarlıq müəssisələri və digər təyinatlı tikililərin inşası,  təmir və bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edildi.  Komitə tərəfindən cari ilin yanvar ayının 27-dən etibarən ziyan dəymiş şəhər və rayonların ərazisində təmir-tikinti işlərinə start verilib.

Əldə etdiyimiz məlumata görə, müharibə dövründə 13 mindən çox tikiliyə ziyan dəyib.  Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 11 min 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Tikinti və yenidənqurma işləri sürətlə aparılır və mərhələli şəkildə təhvil verilməsi,  sakinlərin rahat həyat şəraiti ilə təmin olunması üçün bütün qüvvələr səfərbər olunub.

Vətən müharibəsində erməni hərbçiləri ağır artilleriyadan və ballistik raketlərdən istifadə edərək Füzuli rayonunun əlimizdə qalan hissəsində dağıntılar törədib,  dinc insanları qətlə yetiriblər.  Belə ki,  erməni təcavüzü nəticəsində 13 ev dağıdılıb,  360-a yaxın tikiliyə zərər dəyib.  Dövlətin qayğısı sayəsində qısa müddət ərzində 357 tikili təmir-bərpa olunub,  12 ev tamamilə yenidən tikilərək sakinlərin istifadəsinə verilib.  

Müharibənin törətdiyi yaralar sağalır, dağılmış evlərin yerində müasir və rahat evlər tikilib, müharibə dəhşətləri yaşayan insanlar yaşayırlar,  indi gələcəyə çox nikbin baxırlar. Son bir il ərzində Azərbaycanın iqtisadi və hərbi gücü göz qabağındadır, müharibədən ziyan çəkən insanların bütün tələbatı yüksək səviyyədə yerinə yetirilib, yaralanan və zədə alan vətəndaşlar dövlət qayğısı ilə əhatə olunublar. Bir sözlə, bu yerlərdə həyat öz axarına düşüb.

                                                       Salman ALIOĞLU,

                                                         “Respublika”.