Həyat Namazova: Şükürlər olsun ki, Prezidentimizin sayəsində doğma torpaqlarımıza qayıtdıq
MÜSAHİBƏLƏR

Həyat Namazova: Şükürlər olsun ki, Prezidentimizin sayəsində doğma torpaqlarımıza qayıtdıq

1993 -cü ildə Zəngilan rayonunun Ağalı kəndindən Araz çayı vasitəsilə məcburi olaraq İrana keçdik. O vaxt uşaqlarım körpə idilər. Biz hər zaman arzulayırdıq ki, Zəngilana, Ağalı kəndinə qayıdaq, uşaqlarımızı öz dədə-baba yurduna gətirək. Şükürlər olsun ki, Prezidentimizin sayəsində biz doğma torpaqlarımıza qayıtdıq.

Bunu AZƏRTAC-a açıqlamasında iyulun 23-də Ağalıya köçən kənd sakini Həyat Namazova söyləyib.

"Kəndə gələrkən yolboyu gördüyüm vəziyyət mənə pis təsir etdi. Çünki qoyub getdiyimiz kənd tamamilə dəyişmişdi. Burada yaradılan gözəl şəraitə görə Prezidentimizə minnətdarıq. Burada bizi çox yaxşı qarşıladılar.

Ağalıda çoxlu evlər tikilib, məktəb, xəstəxana, bağça inşa olunub, "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Mən çox sevinirəm ki, yenidən bu torpaqlardayıq", - deyə H.Namazova bildirib.

Kənd sakini, eyni zamanda, deyib ki, onun ailəsi Ağalıda hər cür şəraiti olan rahat evlə təmin edilib.

AZƏRTAC