Həssas təbəqəyə ehtiram hər zaman borcumuzdur
Sosial həyat

Həssas təbəqəyə ehtiram hər zaman borcumuzdur

"Reabilitasiya mərkəzləri yaradılmışdır və müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır". Bu fikirləri Azərbaycan Prezidenti bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirib. Dövlət başçısı, həmçinin vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, ordumuzun gücləndirilməsi, digər ehtiyacların ödənilməsi istiqamətində heç kimdən yardım almadan məsələlərin həll edildiyi bir məqamda: "Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub".

Davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələri, artan əməkhaqları, müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar da bunu göstərir. Prezident İlham Əliyevin son 19 ildə apardığı siyasət nəticəsində orta əməkhaqqı 14 faiz, pensiya 10 faizdən çox artıb. Təbii ki, bu artımlar da dövlət büdcəsi hesabına mümkün olub. Əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra İlham Əliyevin ilk olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi haqqında Fərman imzalaması deyilənlərin əyani sübutudur.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu istiqamətdə mühüm addımların atılmasına, həmin kateqoriyadan olan vətəndaşların etibarlı sosial müdafiəsi sisteminin formalaşmasına zəmin yaradır.

Ölkəmizdə həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Belə ki, icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. Dövlət başçısının 2019-cu ildən başladığı təkmil sosial islahatlar öz müsbət nəticəsini verir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən iki sosial paket icra edildi. 2020-ci ildə koronavirus infeksiyası ilə mübarizə dövründə ölkəmizin həyata keçirdiyi sosial dəstək proqramları da diqqətdən kənarda qalmadı. Prezidentin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 10 sosial dəstək proqramı icra edilir. Bu proqramlar da əhalinin böyük hissəsini əhatə edir.

İşsiz və koronavirus infeksiyası ilə mübarizə dövründə işsiz qalan insanlara 190 manat yardımın verilməsi də dövlətin hər bir kateqoriyadan olan insanların yanında olduğunu, onların sosial müdafiəsini təmin etmək üçün zəruri addımlar atdığını təsdiqləyir. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur. Bu, ondan xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin sosial müdafiəsi prioritetdir.

2020-ci il Azərbaycanın Zəfər ili kimi tarixə yazıldı. İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlandı. Şəhid ailələrinin təqaüdü 500 manata, I qrup müharibə əlillərinin təqaüdü 400, II qrup müharibə əlillərinin müavinəti 350, III qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırıldı. Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manat təşkil edir. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur ki, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir. Ölkəmizin iqtisadi və maliyyə imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, bütün kateqoriyadan olan vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən işlərin davamlılığını təmin edir.

Ümumiyyətlə, Azərbaycan hərbçilərinin hünəri hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Respublikamızın ərazi bütövlüyü, Qarabağın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və qəhrəman qazilərə qayğı dövlətimizin sosial siyasətinin prioritet məsələlərindən biridir. Prezident İlham Əliyevin göstərişlərinə əsasən, dövlət qurumları Birinci Qarabağ müharibəsində həlak olanların ailələrinin, qazi və veteranların problemlərini daim diqqətdə saxlamış, çətinliklərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişlər. İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, yaralılar və döyüşlərin bütün iştirakçıları da ən yüksək hörmət və diqqətlə əhatə olunublar. Bu məqsədlə minlərlə şəxsi əhatə edən dəstək paketləri reallaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindəki tarixi qələbədən sonra xalqa müraciətində demişdir: "...Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu qələbəyə görə onlara borcluyuq".

Böyük Zəfərdən bir gün sonra, noyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər. Dövlət başçısı onları parlaq qələbə münasibətilə təbrik edib, qəhrəmancasına döyüşüb düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdiklərini vurğulayaraq deyib ki, qələbəni qazanan bizim texniki vasitələr ən əsası əsgər və zabitlərimizdir.

Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə respublikanın ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondu yaradılıb. Fond tərəfindən Türkiyə və İsraildən həkim heyətləri ölkəmizə dəvət olunur, qazilərimizin müayinə, müalicə və əməliyyatı həyata keçirilir. Ağır yaralı qazilər Türkiyəyə göndərilir. Onlar qardaş ölkədə müvafiq müayinə, müalicə və reabilitasiya prosesi keçirlər. Fondun bu sahədə fəaliyyət istiqaməti isə genişdir.

Dövlət başçısı bütün görüşlərində bizə tarixi qələbənin sevincini yaşadan, işğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımızı dalğalandıran Vətən oğullarına münasibətdə bütün cəmiyyət üzvlərini həssas olmağa çağırır, onların problemlərinin həllini rəhbər işçilər, dövlət məmurları qarşısında bir nömrəli vəzifə, borc kimi qoyur.

Zümrüd QURBANQIZI,

"Respublika".